Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-də görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilib.
Qeyd edək ki, mədəniyyət naziri Əbülfəs Qarayevin oktyabrın 17-də Mingəçevir şəhərində vətəndaşlarla görüşü zamanı Bərdə rayonundan müraciətlərdən biri məhz müsabiqənin keçirilməsi ilə bağlı olub. Bu barədə müvafiq tapşırıq verildikdən sonra Bərdə Regional Mədəniyyət İdarəsi Mir Cəlal Paşayevin 110 illiyinə həsr edilmiş müsabiqəni təşkil edib.
Müsabiqəyə 12 gənc qoşulub. Bərdə rayon MKS-nin direktoru Havva Mirzəyeva iştirakçıları salamlayaraq Mir Cəlal Paşayevin yaradıcılığı, Azərbaycan ədəbi və ictimai mühitində yeri barədə danışıb.
Müsabiqəyə yazılarını təqdim edənlər öz şeirlərini və hekayələrini oxuyublar. Münsiflər heyəti qalibləri müəyyən edib. Bərdə rayonundan Valeh Qocayev 1-ci, Şirin Alıyev, Peykər İbrahimova 2-ci, Tərtər rayonundan Sadiq Tağızadə, Bəxtiyar Məmmədov, Yevlax şəhərindən Səməd Talıblı 3-cü yerin sahibi kimi regional idarə adından diplomla təltif olunub.