Beynəlxalq Muğam Mərkəzində “Future Stars” (“Gələcəyin ulduzları”) adlı IX Beynəlxalq klassik musiqi festivalı qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.
Mərasimdə festivalın Azərbaycan tərəfdən təşkilatçısı, Bülbül adına Orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev və Gürcüstan tərəfdən təşkilatçı, Gürcüstanın İncəsənət Xadimləri Birliyinin rəhbəri Nino Kupatadze çıxış ediblər. Onlar uğur qazanan gənc ifaçıların gələcəkdə müxtəlif beynəlxalq müsabiqələrdə ölkələrini uğurla təmsil edə biləcəklərinə əmin olduqlarını vurğulayıblar.
Sonra qaliblərə festivalın diplomları təqdim edilib. Azərbaycandan Məhəmmədəli Paşazadə (klarnet) və Gürcüstandan Tsotne Sidamonidze (fortepiano) festivalın “Qran-pri” mükafatına layiq görülüblər.
Sonda qaliblərin iştirakı ilə yekun konsert olub.
Qeyd edək ki, dekabrın 6-dan 9-dək davam edən festival Bülbül adına Orta ixtisas musiqi məktəbi və Gürcüstanın İncəsənət Xadimləri Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Festivalda Azərbaycandan 53, Gürcüstandan 23, İrandan 4 gənc iştirak edib.