Milli muğam-təsnif-mahnı aləmimizin çox uğurlu DÜNƏNLƏRindən, yaşarı SABAHLARından biri...
Hansı ki, çağdaş xanəndə-sazəndələrin “bugün”ləri o “dünən”kilərdən başlayıb.
Və halbuki – həmin o “dünən”kilər həmin bu “bugün”külərə bir ibrət; necə sənət yaradıb, nə sayaq həyat yaşamalı ki, cismən yoxluğunda da daim xatırlana və hətta, sağmışsan kimi, mənən var ola biləsən...
Bu sənətkar sağlığında “opera mühərriki” (camaat dilində “motoru”) tərifilə öyülüb, cismani yoxluğunda “Operanın Qulu dövrü!” xiffətlərilə yaşamaqda...
Vurğulayaq ki, bunlar bu mükəmməl xanəndə-müğənninin universal artistizmindən oylanıb-qaynaqlanırdı; Qulu Əsgərov səhnədə tək elə minbir “xırdavat”lı, zəngin zəngulə “ornament”li SƏSi ilə yox, doğal təbiət təbli qaş-göz, sir-sifət, əl-qol, bər-bədən hərəkətlərilə də oxuyurdu...
Bütün bunlar barədə – bənzərsiz sənətkarımızın 90 illiyilə bağlı yazmağa başladığım bu (təxminən) 9 min işarəlik yazı boyu bəhs ediləcək. Hələliksə; –
Bəs...
görəsən, bu qədər sənət-ifa universallığına malik bir sənətkara nədən ictimai bir ödül, o dövrçün həm də siyasi bir ad verilməyib? Ömrünün sonunadək üçcə mizan-düzənlik titulla təqdim edilib: “Gənc istedadların respublika olimpiadası”nın qalibi (1953), “Ümumdünya tələbə və gənclər festivalı”nın və “Ümumittifaq estrada ifaçıları müsabiqəsi”nin (1957, 1958 – Moskva) laureatı”...
Hə, çox da uzaq keçmişi qapsamayan və ovaxtdan-buvaxta az qala səbəbkarın zəngulələri qədər rəngarəng “niyə-nədən”lər doğuran bu məsələni “dəmiri isti-isti”, “haray bəri başdan” məsəlləri seriyasından süftələyək.
Deyək ki,
bu adamın hal-əhval hərarəti daim sıcaq, eynə-öynəsi müdam açıq olub. Bütün isnad-istinadların (çağdaşlarının yazı-pozuları, həmkarlarının bəhsləri, öz vizual ifaları) bəyanına görə, söhbət-zarafatçıllıqda bənzəri, rəsmi-xəlqi tədbirlər və “toy-nişan yaraşığı”lığında oxşarı, küçədə-bazarda xoş işarələrlə göstərilmədə tayı-bərabəri olmayıb. Həmin xatirələrin birindəki “Qulunun kef-damaqsız olduğunu gördüm deyən olmayıb” nəqlinə qüvvət olaraq, sonda bir şühudisini də mən özüm ərz edəcəm.
İndilikdəsə fərz edək ki, ovaxt ulu Sənət bu növbəti seçkin “təbəə”sindən istədiyini ala bilib. Bəs o özü necə, sənətə verdiklərinin qiymət əvəzini dövrün sənət yönəticilərindən (konsert-tamaşalarına xalqla birgə gedən, həzz və özlərinin də qoşulduğu sürəkli alqışlar zamanı həsəd dolu nəzərlərlə baxan, onu lap yaxından görüb, avtoqraf almaqçün səhnə arxasına axışanlara yol vermək şərəfinə də nail olanlardan) ala bildimi?
Bu sənətkarın həyatdan adsız köçməsilə bağlı oyatdığım bu suala “axı, bu gidi dünyada günahdan tam xali olan varmı” mətləbli bir təhtəlşüurisini də əlavə edibən, heç də birmənalı çıxmayası konkret cavablardan yan keçib, bir müqəyyədini (yaxınlarının şəhadətilə) vurğulayım: o, buna görə nə bir kimsədən inciyib, nə kimisə incidib.
Ancaq, bəzən, özünün özündən (için-için) incidiyini duyanlar da olub. Və elə bu nüans bəndənizin elə ovaxtlardan hasilə başladığı belə bir qənaəti “ratifikasiya” etmədə ki, məsələ heç də birmənalı, birtərəfli, birqütblü deyilmiş. Yəni ovaxtkı yönəticiləri çox da qınamamalı.
Nədən ki...
bu işdə o çağın muğam-təsnif-mahnı vunderkindi olan bu adamın özü də xeyli suçlu. Səsi aləmə zirvə-zildən yayılıb, adı qulağına həddən ziyadə dəymiş bu məşhurlar məşhuru bu çox güclü sevgi seli qarşısında duruş gətirə bilməyibən saymazlıq “eyforiya”sına uğrayıb. Küll-Azərbaycan tamaşaçısının ən çox onun tamaşasına durması bu adamı qədərindən artıq məst edib. Nə bir zəhmli rəsmi tapılıb ki, “karyerinə baryer” qoysun, nə ortaya rəhmli bir ağsaqqal çıxıb ki, çəpin-təpingənlik eləsin, nə də özü qavalını qabağına qoyub yaxşı-yaxşı fikirləşib. Qısası, qarasına edilən bəzi-para qeybətlərdən, “bu salyannı balası lap ağ eləyib e; özü yazır, özü bəstələyir, özü çalır, özü oxuyur” kimi qınaqlardan (hansı ki, bu sintetizm Avropada çoxdan boy atmışdı) savay, bu balsəs, bu teatral sənətkarın fəxarət damağına bir istiot dadızdıran olmayıb.
Beləliklə, “uman yerdən küsərlər” deyimi hər iki tərəfçün qüvvədəymiş; sənədçi tərəf istəyirmiş zəhmətkeş kütlələrin mövcud partiya və hökumətə yekdil sevgisinə şərik çıxan bu ifaçı özünü bir az yığışdırsın, sənətçi tərəfsə umurmuş ki, hər zaman, hər yerdə onu başqalarından bir baş yuxarı qiymətləndirsinlər...
Əslində, bu umu-küsünü onun tərcümeyi-halı da müdafiə edirdi; sənətə əsl “proletar şineli”ndən çıxıb gəlmişdi. Hə, tər yaşlarından rayon teatrında çıxışlar, xalq çalğı alətləri ansamblına rəhbərlik etmiş, adicə bir təbəssümün də ərşə çəkildiyi müharibə illərində yaratdığı “Arazbarı” ansamblı ilə Salyandan vurub Lənkəran-Astaradan çıxa-çıxa, kənd zəhmətkeşlərinin üzlərini güldürüb, qollarını qüvvətləndirmişdi.
Və nəhayət, 1953-cü il, Bakı Musiqi Texnikumu...
Müharibə və cürbəcür hal-yolsuzluq məşəqqətlərilə dolu “ucqar” çətinliklərindən qurtulub paytaxta gələn bu cavan burada daha müşkül bir məsələ ilə üzləşir; ifalanıb-möhürlənməmiş bir muğam qalmayıb! Sonralar dostlarından birinə dediyi kimi; “əjdahalar hamısını oxuyub qurtarıb”...
Və bu təptəzə, yepyeni “uşaq” başlayıb kömköhnəliklər “bayatı”lamağa: “Bayatı-Qacar”, “Bayatı-İsfahan”, “Bayatı-Kürd”...
Və elə təhsil illərindən başladığı filarmoniya konsertlərilə paytaxt camaatını da ovsunlayır. Bu yeni və orijinal ifa manerası böyük Fikrət Əmirovun diqqətini çəkir və onu Opera və Balet Teatrına dəvət edir. Bu teatrda Zeyd, Sofi kimi “adi rollar yolları” keçən Qulu tezliklə həmin operaların baş qəhrəmanlarını (müasirlərinin ibarələriycə “ən duyğulu Məcnun”, “ən yanıqlı Kərəm”) yaradır. Bu məqamda, neçə-neçə Məcnun-Kərəm ifaçılarını müşayiət etmiş tar xaqanı Bəhram Mansurovun xatirələrindən parça: “1961-ci ildə Məcnun rolunda səhnəyə Qulu Əsgərov çıxdı. Bu ana qədər o, nəinki dahi Üzeyir bəyin yaradıcılığını, musiqi materialını, həmçinin bu əfsanəyə, poemanın yarandığı tarixi dövrə aid materialları belə öyrənirdi. O, Məcnun rolunun əvəzsiz ifaçısı H.Sarabskinin oyunu haqqında materiallar da toplamışdı. Gənc müğənni özünəməxsus xüsusiyyətləri olan bu mürəkkəb obrazı dərk etmək üçün xeyli zəhmət çəkmişdi və bütün bunlar səhnədə öz bəhrəsini verdi”.
Bu “mühərrik-adam” opera arenamızda Şah İsmayıla, Aşıq Qəribə ən maraqlı, ən baxımlı səhnə həyatı verib. Əsas (və çağdaşlarından bir çoxunun yazılı-şifahi xatirələrinə görə, ən vəfalı) tərəf-müqabili isə “yanğı-alovzadə Rübabə” xanım Muradova! Bu anlar... lent yaddaşlarına düşməsə də, xalq mükalimələrində hələ də nidalanan o “era”nı – irreal-real sənət və həyat duallıqları duetlərini xatırlamaq dəmləri...
Ən uzundövrlü solistlərindən olduğu bu teatrda o öz ustad təcrübəsi, ovaxtkı Teatr İnstitutunda (indiki ADMİU) ünlü müəllimliyi ilə yetişdirdiyi gözəl ifaçı nəsli qatarı (Alim Qasımov, Mələkxanım Əyyubova və b.) günü bu gün də böyük sənət səfərində...
Bu universal sənətçinin xalq rah-ruhunda yazdığı mahnılar da ki, uzun illər dillər əzbəri, toy-nişanlar yaraşığı olub. Onun ifa üçün seçdiyi sözlər (mətnlər) də daim başqalarınınkından seçilib. Öncə muğam aləmindən nümunələri xatırlayaq (mümkünsə, bənzərsiz zəngulələri fonunda): “Tale mənə yar olmasa, mən neyləyə billəm, Zövqümcə nigar olmasa, mən neyləyə billəm” (“Segah-zabul”), “Saldı əldən bu yazıq Heyranı yar həsrəti, O sitəmkar necə gör eylədi divanə məni” (“Bayatı-Qacar”), “Ürəklə oynamaq çətindir, çətin, Bu, ən ağırıdır hər cinayətin” (“Şur”). Və sümükləri oynağa, könülləri yaylağa səsləyən mahnılarından: “Vurulmuşam ala gözə, Canım qurban şirin sözə”, “Qoynunda var bir cüt nar, Ay biri heyva, biri nar”, “Sözün mənə qənd olar, rəqibə rişxənd olar”, “Viranə könlümün qəm otağında Söndürüb getdiyin çırağa bir bax”. Və... qulaq “redaktəsinə” ehtiyacı olan, çoxlarının “Sevgi sevən...” kimi alıb irad tutduğu: “Sev ki, – sevən mərd olar”...
Hər kərə xatırlandığı andan
özünəməxsus mimikaları, ifa anlarında gözlənilməz jestləri, hər mahnının mövzu-məzaqına uyğun obrazlılığı, tamaşaçı ilə aktiv tərəf-müqabillik ünsiyyəti və sair elementlərilə hər kəsdə bir cür təəssürat yaradan bu sənətkarın yaratdığı iki obraz-AŞİQi var ki, onlar mənim xəyal süzgəcimdən tamamilə çıxar-qalıqsız keçir: “Məcnun” – (başqa ifaçılardan fərqli olaraq) tamamilə “təmənnasız” (“qarşılıq” ummayan), “Kərəm” – (dastan versiyası və rejissura mizanlarından əlavə), Səs-səda ilə alışıb-yanan...
Və başlanğıcda vəd etdiyim avtoxatirə.
1985-ci ilin yayı. “Teleteatr”ın alaqapısına doğru addımlarkən, bir xeyli uzaqdan üzübəri şütüyən “Jiquli”dən “Bir quş gəzir sərgərdən, Kətan köynək, al gərdən” beytli bir avaz gəlir qulağıma. Bu ki Qulunun səsidir! Bəs niyə musiqisiz? Təəccübümü hiss edən sürücü (əlbəttə, Qulu Əsgərov!) sürəti azaldır və məni – tanımadığı bu tənha dinləyici-tamaşaçını məhz özünəməxsus təbəssümlə salamlayır. Bəndənizsə, o gözəl səyyar ifa və bu möhtərəm diqqət-mədəniyyətdən bərk mütəəssir olur...
Sözümü bu zəhmətkeş və haqq-halal insan haqda eşitdiyim bu kəlmələrlə bitirirəm: “Qulu – muğamımızın həm qullarındandı, həm də şahlarından”...
Tahir ABBASLI