Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi 10 dekabr – İnsan Hüquqları Günü və Dünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Bakıdakı Muzey Mərkəzində sərgi təşkil edib.

Sərginin açılışında çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 1948-ci ildə qəbul edilmiş Dünya İnsan Hüquqları Bəyannaməsi haqqında danışıb. Bildirilib ki, bu fundamental sənəddə dilindən, dinindən, cinsiyyətindən asılı olmayaraq, hər kəsin azad hüquqlara malik olduğu bəyan edilib.

Bəyannamə siyasi, mülki, sosial, iqtisadi sahələrdə insan hüquqları üçün baza rolunu oynayaraq yüzlərlə dilə tərcümə edilib.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, bəyannamənin prinsipləri sonralar digər sənədlərdə, konstitusiyalarda, konvensiyalarda öz əksini tapıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında qeyd edib ki, insan hüquqlarının təmin edilməsi üçün səylərimizi birləşdirməliyik. Nə qədər bəşəriyyət var, insan hüquqları olacaq və biz də bu hüquqlara öz töhfəmizi verməliyik.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu vurğulayıb.

Sərgidə dünyanın müxtəlif ölkələrindən karikaturaçı rəssamların bəyannamənin 30 maddəsinə həsr etdikləri əsərlər və 40 qrafik dizaynerin insan hüquqlarına dair posterləri yer alıb. Sərgidə həmçinin BMT agentliklərinin müxtəlif nəşr və tədris materialları da təqdim olunur.