Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı dekabrın 11-də Milli Kitabxanada anım tədbiri keçirildi. Mədəniyyət Nazirliyi, Milli Kitabxana və YAP Səbail rayon təşkilatının birgə tədbirində əvvəlcə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək böyük dövlət xadiminin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışdı, onun mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açdı. Diqqətə çatdırdı ki, Heydər Əliyev fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib.

Sonra “Heydər Əliyev mədəniyyətimizin hamisidir” adlı qısa film nümayiş olundu.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd etdi ki, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsi, vətəndaş cəmiyyətinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi siyasətçinin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin praqmatik fəaliyyəti sayəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olub.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixində ümummilli liderin müstəsna yeri olduğunu dedi. Bildirdi ki, öz həyatını xalqının rifahına, ölkəsinin inkişafına həsr edən ulu öndər dühası, zəngin dövlətçilik təcrübəsi sayəsində keçmiş SSRİ kimi dünyanın ən böyük dövlətinin rəhbərliyinə yüksəlmişdi.

“SƏS” media qrupunun rəhbəri Bəhruz Quliyev, YAP Gənclər Birliyinin üzvü Rauf Rüstəmli, YAP Siyasi Şurasının üzvü Nizami Vahabov, Xalq artisti Hacı İsmayılov və digər çıxış edənlər ulu öndərin fəaliyyətinin hər bir məqamının vətəndaşın və dövlətin mənafeyinə xidmət etdiyini vurğuladılar.

Sonda ümummilli liderin zəngin həyat yolunu əks etdirən kitab sərgisinə baxış oldu.

LALƏ