Uşaq xor kollektivindən başlanan sənət yolu
Əməkdar artist, müğənni İdris Mehdiyev ölkəmizdə uşaq xorunun tanınmış nümayəndələrindən hesab olunur. Bir sıra orkestr və ansambllarda fəaliyyət göstərən ifaçı musiqi mədəniyyətimizi xarici ölkələrdə uğurla təmsil edib.
İdris Saleh oğlu Mehdiyev 26 avqust 1940-cı ildə Gəncə şəhərində dünyaya göz açıb. Atası Böyük Vətən müharibəsində həlak olub (1943) və o, anası Güllü xanımın himayəsində böyüyüb. Anası İdrisi tez-tez doğulduğu Qarabağa, onun füsunkar guşəsi Şuşaya aparırdı. Musiqiyə maraq göstərən balaca İdris burada məşhur xanəndə və müğənnilərin ifasında Azərbaycan muğam və xalq mahnılarını dinləyər, Gəncəyə qayıtdıqdan sonra qəlbinə yazılan bu nəğmələri şirin, məlahətli səsi ilə tez-tez zümzümə edərdi. O, təhsil aldığı orta məktəbin bədii özfəaliyyət kollektivində yer alır, uşaq xorunun solisti kimi səhnəyə çıxır. İstedadının sorağı olimpiadalar, müsabiqələr və festivallardan gəlməyə başlayır. Lakin bu xoş günlərin ömrü uzun olmur. 1953-cü ildə anasını itirir.
Bakı şəhərinə köçən İdris Mehdiyev Pioner və Məktəblilər Sarayında uşaq xorunun solisti olur. Bu dövrdə A.Milovanovun rəhbərliyi ilə vokal-xor sənəti inkişaf edirdi. İdris bu kollektivdə sənətin incəliklərinə dərindən yiyələnir. Çox keçmir uşaq xorunun yetirmələri sırasında Müslüm Maqomayev, Lütfiyar İmanov və başqaları ilə yanaşı onun da adı çəkilir.
İdris Mehdiyev müxtəlif estrada, xalq çalğı alətləri ansamblları ilə çıxışlar edir və püxtələşir. Xəzər Donanmasının estrada orkestri ilə Azərbaycanın regionlarına, keçmiş SSRİ-nin bir sıra şəhərlərinə qastrol səfərlərinə gedir və uğurlu konsertlər verir. Xoşbəxtlikdən hərbi xidmət də onu sevdiyi sənətindən ayıra bilmir. Əsgərlik illəri Baltik Donanmasının Mahnı və rəqs ansamblında keçir. Ansamblın solisti kimi onun qarşısında geniş üfüqlər açılır, yolu böyük səhnələrdən düşür. İsveç, Norveç, Danimarka, Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrdə qastrol səfərlərində olur. Kollektivin tərkibində bir-birindən uğurlu çıxışlar edir. Vətənə döndükdən sonra gənc ifaçı əvvəlcə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasının özfəaliyyət kollektivinin, 1964-1978-ci illərdə Xalq artisti Tofiq Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Televiziya və Radiosu Estrada-simfonik orkestrinin, Bakı Hava Hücumundan Müdafiə Dairəsinin Mahnı və rəqs ansamblının solisti olaraq fəaliyyətini davam etdirir. Ana dilimizlə yanaşı, rus dilində də mahnılar ifa edən İdris Mehdiyev musiqi sənətimizi ləyaqətlə təmsil edir. Orkestrin müşayiəti ilə Rauf Hacıyevin ”Sevgilim”, ”Bakı haqqında mahnı”, Tofiq Quliyevin “Sənə də qalmaz”, ”Qızıl üzük”, Səid Rüstəmovun “Qurban adına”, “Alagöz”, “Sumqayıt”, Cahangir Cahangirovun “Ana”, ”Qarabağ”, Əziz Əzizlinin “Kənd yolunda”, eləcə də Qəmbər Hüseynlinin bir sıra mahnılarının və Azərbaycan bəstəkarlarının bəzi vokal əsərlərinin parlaq ifaçısı kimi tanınır. Müdafiə dairəsi Mahnı və rəqs ansamblındakı xidmətlərinə görə 1978-ci ildə ona Əməkdar artist fəxri adı verilir. İdris Mehdiyev ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radiosu Xorunun solisti və direktoru kimi çalışır. Musiqiçi bir çox görkəmli bəstəkarların əsərlərini, xalq mahnılarını məharətlə ifa edir, tamaşaçı və dinləyicilərin rəğbətini qazanır. Fikrət Əmirov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Zülfüqarov və digər görkəmli bəstəkarların əsərləri onun repertuarında yer alıb.
Müğənni 10 noyabr 2015-ci ildə vəfat edib. Bu gün “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin fondunda onun ifasında bir çox mahnı və romansların lent yazıları saxlanılır. Ekran və efirdə səsləndirilən bu nəğmələr musiqisevərlərin qəlbini oxşayır.
Savalan FƏRƏCOV