Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot musiqi məktəbinin tələbəsi, azərbaycanlı fleytaçı Ağarəhim Quliyev “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin mükafatına layiq görülüb.
2018-ci ildə Paris, Pekin, Nyu-York, Sankt-Peterburq, Vilnüs, Sürix, Praqa və dünyanın başqa şəhərlərində keçirilən “Qızıl açarlar” musiqi müsabiqələrinin mükafatlandırma mərasimi İle-de-France regionunun Le Raincy kommunasında təşkil olunub.
Paris ali musiqi məktəbinin tələbəsi Ağarəhim Quliyev fleytada İtaliya bəstəkarı Pietro Morlaççinin “İl pastore svizzero” əsərini ifa edərək “Qızıl açar” mükafatını qazanıb.
Ağarəhim Quliyev musiqi məktəbinə iki ay əvvəl daxil olub. İstedadlı gənc musiqiçi bir neçə beynəlxalq müsabiqədə uğur qazanıb. O, Estoniyanın Narva şəhərində “Baltika ulduzları” IV Beynəlxalq musiqi müsabiqəsində ölkəmizi təmsil edib. 2012-ci ildə Bakıda İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyasının gənc klassik musiqi ifaçılarının birinci beynəlxalq müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb.