Mayın 19-da Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Tbilisidə “mühacirətdə” olan Suxumi Dövlət Universitetində Azərbaycan ədəbiyyatı guşəsi açılıb.
   Universitetin müəllim-tələbə kollektivinin iştirakı ilə keçirilmiş tədbirdə səfir Namiq Əliyev Azərbaycan və gürcü xalqlarının dostluğundan, ölkələrimizin əksər sahələrdə nümunəvi münasibətlərindən, Azərbaycan dövlətçiliyinin tarixindən danışıb. Səfir əmin olduğunu bildirib ki, bu guşə xalqlarımız arasında ədəbi-mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
   Universitetin rektoru Coni Apakidze guşənin təşkilatçılarına təşəkkür edib və bunun universitet tələbələrinin qədim tarixə, mədəniyyətə, özünənəməxsus adət-ənənəyə malik Azərbaycan xalqının keçmişi və indisi ilə tanış olmalarına yardım edəcəyini deyib.
   Sonra tədbirdə ölkəmizin ədəbi-mədəni həyatından bəhs edən “Azərbaycan” filmi nümayiş etdirilib.