“Axırıncı aşırım”, “Dədə Qorqud”, “Gün keçdi”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”... Bu sıraya daha onlarla film əlavə edə bilərəm. Görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatları laureatı Həsən Məmmədovun yaratdığı hər bir obraz Azərbaycanın kino salnaməsində özünəməxsus yer tutur, sənətkarlıq örnəyi kimi qəbul olunur.

80 illiyi dövlət səviyyəsində qeyd olunan Həsən Məmmədov (1938-2003) neçə-neçə taleyi ömründə birləşdirən böyük sənətkardır. O, ömrünü yaratdığı obraz-qəhrəmanlarına verərək yaşadı. Canlandırdığı obrazın daxili dünyası ilə baş-başa qalıb onun mənəvi-psixoloji yaşantılarını yüksək sənətkarlıqla, ən əsası isə səmimiyyətlə, pafossuz şəkildə tamaşaçıya təqdim etmək Həsən Məmmədov sənətinin özəlliyi idi.

 

İlk qədəm səhnədən, sənət şöhrəti ekrandan

 

22 noyabr 1938-ci ildə Salyan rayonunda dünyaya göz açan Həsən Ağaməmməd oğlu Məmmədov orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika-riyaziyyat fakültəsinə qəbul olunsa da, daxilindəki sənət sevgisi və fitri istedadı onu teatra gətirir. Bir müddət müxtəlif teatrlarda aktyorluq edir. İyirmi yaşında Teatr İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsinə daxil olur, görkəmli rejissor Mehdi Məmmədovun kursunda oxuyur. 1962-ci ildə institutu bitirir və təyinatla Akademik Dram Teatrına göndərilir. Bu səhnədə maraqlı obrazlar yaradır. Ancaq onun sənətdə əsas ünvanı kino idi. Səhnədəki aktyorluq istedadı ilə kinematoqrafçıların diqqətini çəkir. Sənət taleyinə 50-yə yaxın filmdə çəkilmək yazılır.

Bu, sıradan bir statistika kimi qəbul edilməsin. Bir fakta diqqət yetirək. Həsən Məmmədovun 1970-ci ildə böyük ekranlara çıxan “Yeddi oğul istərəm” filmində yaratdığı Bəxtiyar rolu, sözün əsl mənasında, böyük əks-səda doğurmuşdu. O dövrün ən populyar nəşrlərindən olan “Qobustan” toplusunun keçirdiyi sorğuda baş rolun ifaçısı “70-ci illərin ən yaxşı aktyoru” kimi dəyərləndirilmişdi. Ümumittifaq festivalında “Kişi rolunun ən yaxşı ifaçısı” mükafatına layiq görülmüşdü. Aktyor “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatı, “Birisi gün gecə yarısı” ekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Dövlət mükafatı ilə təltif olunmuşdu.

O, çəkildiyi filmlərdə obrazları təkcə canlandırmırdı, sanki bütün varlığı ilə yaşayırdı. “Böyük dayaq” filmindəki Qaraş obrazı aktyorun kino sahəsinə doğru uğurlu başlanğıcı oldu. İldən-ilə bu uğurların miqyası genişlənir, fərqli xarakterə malik obrazlar qalereyası zənginləşirdi.

 

Hüdudsuz istedad

 

Həyat verdiyi obrazlarla bir neçə nəsil tamaşaçıların qəlbində əbədi yaşayan sənətkarı yubileyi ərəfəsində sənət dostları ilə yada saldıq.

Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov onu böyük ehtiramla xatırlayır: “Uzun illər Həsən müəllimlə dostluq etmişik. Mən onu həmişə sırf kinoaktyor kimi qəbul etmişəm. Bir operator kimi demək istərdim ki, Həsən Məmmədov pauza aktyoru kimi əvəzsiz idi. Onunla ön planda işləməkdən böyük zövq alırdım. Mənə görə, ən önəmli olan aktyorun sözsüz oynamasıdır. O, plastikası, mimikası və baxışları ilə obrazın daxili iztirablarını verə bilir və bununla da aktyor imkanlarını açmağa nail olurdu”.

Aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov Həsən Məmmədovu Azərbaycan kinosunun ən görkəmli aktyorlarından biri kimi səciyyələndirir:

- Həsən kino aktyoru olaraq ilk addımdan başlayaraq pillə-pillə zirvəyə qalxan sənətkar idi. Onun “Böyük dayaq” filmindəki Qaraş obrazı yüksək meyarlı olmasa da, ondan sonra çəkildiyi filmlərdə obrazdan obraza inkişaf edir, daha da mükəmməlləşirdi. Həyatda çox sadə insan idi, heç zaman “mən” deməzdi. Oynadığı obrazlar haqqında heç vaxt tərif deməzdi. “Evlənmək istəyirəm”dəki (“Papaq”) Mirzə Səfər, “Dədə Qorqud”da Dədə Qorqud, “Gün keçdi” filmindəki Oqtay və “Arşın mala alanda”kı Əsgər - hər bir obrazı ilə özünəməxsus idi. Operatorluqda Rasim İsmayılov, aktyorluqda isə Həsən kinoda bənzərsizlərdən idilər. Həsən o aktyorlardan idi ki, kameraya baxmadan belə obrazın demək istədiklərini, hislərini çatdıra bilirdi. Onun bütün obrazları ayrı-ayrılıqda araşdırılmağa, bu sənətə gələn gənclərin öyrənməsinə, nümunə götürməsinə layiq olan sənətkarlıq örnəkləridir”.

Elxan müəllim Həsən Məmmədovla bir zamanda kinoya gəldiyini deyir:

- Həmin dövrdə sırf kino aktyorları yox idi. Həsən kino aktyorluğunun öncülü idi. Rejissorlar həmişə düşünürdülər ki, ssenarini necə quraq ki, Həsən həmin filmlərdə çəkilə bilsin. Tələbatlı aktyor idi, xalq tərəfindən də sevilirdi. “Axırıncı aşırım” filmində Abbasqulu bəy Şadlinski obrazında oynamasını xatırlayıram. Həmin rola hansı aktyorun çəkiləcəyi ilə bağlı tərəddüdlər vardı. Tofiq Məmmədov həmin filmin ikinci rejissoru idi. O, Həsəni elə geyindirdi ki, bütün yaradıcı heyət ilk baxışdan onun bu obraza çəkilməsinə razılıq verdi. Onun rejissoru dinləmək bacarığı var idi. Sadə, səmimi dost idi. Bu gün Həsənin tərifə, yaxud da sənəti ilə bağlı müzakirəyə ehtiyacı yoxdur. Sadəcə, biz dostları xatırlayanda onun ruhu şad olur.

Xalq artisti Rafiq Əzimov Həsən Məmmədovla ilk dəfə 1970-ci ildə “Yeddi oğul istərəm” filminə çəkilib. Həmin filmdə Şahsuvar obrazını yaradan həmsöhbətim deyir ki, “Arxadan vurulan zərbə”də Həsən Məmmədov Qəmərlinskini, o isə müstəntiq Hüseynovu canlandırıb: “Görkəmli aktyorlar dünyasını dəyişib bizdən uzaqlaşdıqca onların dəyərini daha çox hiss edirik. Həsən Məmmədov sanki kinonun dadı-duzunu özü ilə apardı. Adamı narahat edən odur ki, uzun illər Həsən Məmmədov kimi sənətkarla kinoda, teatrda bir yerdə işləyəsən, bir gün gözünü açasan ki, o, yoxdur. Bu itki ilə barışmaq bizim üçün ağırdır”.

Xalq artisti Şamil Süleymanlı isə vaxtilə Həsən Məmmədovla birlikdə çəkildikləri “Evlənmək istəyirəm” filmini yada saldı. Qeyd etdi ki, görkəmli aktyor Azərbaycan kinematoqrafiyası üçün böyük hadisə idi və onun haqqında saatlarla danışmaq olar: “Amma mərhum sənətkarımızla bağlı bir xatirəmi heç vaxt unutmuram. Tələbə idim. Televiziyada “Böyük dayaq” filmi ilə bağlı verilişə baxırdım. Filmdə Rüstəm kişinin oğlu Qaraşa şillə vurduğu səhnədən söz açılırdı. Verilişdə bu səhnənin uğurlu alınması üçün böyük aktyorumuz Ələsgər Ələkbərovun Həsən Məmmədova həqiqi şillə vurması və sonradan qırağa çəkilib ağlamasından danışırdılar. O zaman buna inanmırdım. Hər ikisi mənim üçün böyük aktyor idi, amma nədənsə bu fakt mənə inandırıcı gəlmirdi. Uzun illər sonra, “Tabutçunun yelləncəyi” filminə çəkilərkən eyni hadisəni yaşamalı oldum. Bu gün deyirəm ki, ustad, bağışla, həmin illərdə sadəlövh olaraq bu hala inanmamışdım. Həsən müəllimlə filmlərə çəkildikdən sonra onun necə böyük bir ürəyə sahib olduğunun şahidi oldum. Heç vaxt ucadan danışdığını görmədim, özündənrazılığına şahid olmadım. Yüksək mədəniyyət və əxlaq sahibi idi və xatirələrdə də daim belə qaldı”.

* * *

Həsən Məmmədov milli kinomuzun ən maraqlı və yaddaqalan örnəklərinə sənətkar istedadı ilə öz möhürünü vurub. “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi) və digər filmlərdə yaratdığı kiçik obrazlar da tamaşaçıların sevgisini qazanıb. Həsən Məmmədov neçə-neçə filmdə obrazların səsləndirilməsində də iştirak edib.

26 avqust 2003-cü ildə dünyasını dəyişən aktyor həyat verdiyi bir-birindən baxımlı obrazlarla bu gün kinosevərlərin yaddaşında yaşayır. Əsl sənətkarın mənəvi ömrü həqiqi sənətin ömrü qədər əbədidir.

Lalə AZƏRİ