Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Şeyx Zahid Gilani Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı, Şah İsmayılın ulu babası olub.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi Azərbaycanda – AMEA-nın Tarix İnstitutundadır. “XVI əsr Avropa mənbələrində Şah İsmayıl Səfəvini sufi və ya İsmayıl Sufi Sultan adlandırırlar”, - deyə alim bildirib.
Konfransda Tarix İnstitutunun alimlərinin “Şeyx Səfi təzkirəsi” və “Dünyanı bəzəyən Abbasın tarixi” əsərlərində məşhur şəxsiyyətlər Şeyx Zahid Gilani və Şeyx Səfiəddin Ərdəbili haqqında məlumatlar”, “Lənkəran bölgəsi Azərbaycan mədəniyyəti ocaqlarından biri kimi (XIII-XV əsrlər)”, “Azərbaycanın cənub-şərq bölgəsində Şeyx Zahid ənənələrinin davamçıları”, “Qarabağ bölgəsində Şeyx Zahid məktəbinin izləri”, “Şeyx Zahid Gilani Qərb tarixçilərinin əsərlərində” və digər mövzularda məruzələri dinlənilib.
Bundan əlavə, dekabrın 13-də Lənkəran şəhərində “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium başlayıb. Üç gün davam edəcək simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetidir.
Şeyx Zahid 1215-ci ildə Lənkəran rayonunun Siyavar kəndində anadan olub. 1300-cü ildə vəfat edib. Rayonun Şıxəkəran kənd qəbiristanlığında yerləşən Şeyx Zahid türbəsi hazırda yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.