Böyük dövlət xadimi, dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim olundu.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazirliyin, eləcə də Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri iştirak edirdi.

Xatirə konsertində Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi.

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Qara Qarayevin “Matəm odası”, “Leyli və Məcnun” simfonik poeması, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Asəf Zeynallının “Muğamsayağı”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən adajio və Tofiq Quliyevin “Sənə də qalmaz” əsərləri səsləndirildi.

Təqdim olunan ifalar ömrü boyu Azərbaycanın mədəniyyət və incəsənətinə qayğı göstərən ulu öndərin əziz xatirəsinə minnətdarlığın musiqi dili ilə ifadəsi idi.

Fariz HÜSEYNOV