Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü qardaş Türkiyədə - Ankara, İstanbul, İzmir və Qars şəhərlərində müxtəlif tədbirlərlə anılıb.
Paytaxt Ankaradakı Heydər Əliyev məktəbində anım mərasimi təşkil olunub. Məktəbin direktoru Necattin Şengeze bildirib ki, burada şagirdlərin yüksək səviyyədə bilik almaları və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.
Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycan Milli Məclisinin deputatları Eldar İbrahimov və Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orxan Erdem, parlamentlərarası dostluq qrupunun keçmiş sədri Necdət Ünüvar və Türkiyə hökumətinin sabiq üzvü İlhan Aküzüm çıxış ediblər.
Ulu öndərin təhsillə bağlı tövsiyələrini xatırladan səfir əminliklə bildirib ki, Ankaradakı Heydər Əliyev məktəbinin şagirdləri yüksək bilik qazanaraq cəmiyyətimizin ən fəal üzvləri olacaqlar.
Azərbaycan və Türkiyə xalqlarının tarixin ağır sınaqlarında belə bir-birilərinə qardaş münasibətdə olduqlarını xatırladan Yalçın Topçu ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının və dövlət quruculuğu sahəsindəki nailiyyətlərinin tarixə qızıl hərflərlə yazıldığını söyləyib. Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının işğaldan azad olunması istiqamətində göstərdiyi rəşadətin nəsillərə örnək olduğunu diqqətə çatdıran Y.Topçu qeyd edib ki, Azərbaycan xalqı da hər zaman dar gündə Türkiyənin yanında olub.
Digər çıxış edənlər də Heydər Əliyevin həyat yolundan, dövlətçilik fəaliyyətindən danışıblar. Vurğulanıb ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var.
Çıxışlardan sonra mərasim bədii proqramla davam edib.
Sonda Ankaradakı səfirliyimizin təhsil müşavirliyi tərəfindən Heydər Əliyevin fəaliyyəti ilə bağlı məktəblilər arasında keçirilən rəsm, inşa və poeziya müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Mehparə SULTANOVA
Ankara