Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki şəhər Uşaq incəsənət məktəbinin 80 illik yubileyi təntənə ilə qeyd olunub.
Şəki Dövlət Dram Teatrında keçirilən mərasimdə şəhər rəhbərliyi, Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə öncə məktəbin 80 ildə keçdiyi yola, qazandığı uğurlara nəzər salan videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, məktəbin fəaliyyəti dövründə yüzlərlə məzunu olub. Onların bir qismi Şəkidə, respublikanın müxtəlif şəhər və rayonlarında, Bakıda musiqi müəllimi və ya musiqi ifaçıları kimi fəaliyyət göstərirlər. Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev, Sankt-Peterburqdakı Gertsen adına Universitetin professoru, sənətşünaslıq elmləri doktoru Faiq Çələbiyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Natiq Mustafayev, Bakı şəhər S.Rüstəmov adına 13 saylı Musiqi məktəbinin direktoru Tofiq Salmanov bu məktəbin məzunlarıdır.
Hazırda məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, nağara, xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə 490 şagird təhsil alır. Onların təhsili ilə 187 müəllim məşğul olur. Ötən tədris ilində məktəbin 89 məzunu olub.
Tədbir konsert proqramı ilə davam edib. Sonda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov çıxış edərək yaradıcı kollektivə yeni uğurlar arzulayıblar. Məktəbin direktoru Eldar Rəcəbova şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.