Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyində Milli Ordumuzun qəhrəman döyüşçüsü Akif Əbdüləli oğlu Mahmudovun xatirəsinə həsr olunmuş “Vətən uğrunda ölüm həyatın davamıdır” adlı anım mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, mədəniyyət, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Muzeyin əməkdaşı Səidə Səfərova anım mərasiminə toplaşanları sumqayıtlı şəhidlərin şəxsi arxivlərinin toplandığı daimi ekspozisiya ilə tanış edib. Elmi katib Sənurə Lazımova Akif Mahmudovun həyatı və şərəfli döyüş yolu haqqında ətraflı məlumat verib.
Regional idarənin məsləhətçisi Eldar Hüseynov, muzeyin direktoru Olya İslamova, şəhidin vaxtilə təhsil aldığı 16 saylı tam orta məktəbin direktoru Niyaz Süleymanov, şəhidin cəbhə yoldaşı Maarif Musaoğlu çıxış ediblər. Diqqətə çatdırılıb ki, 2005-ci ildə ölkə başçısının sərəncamı ilə şəhid Akif Mahmudov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. 4 və 14 saylı məktəbin, “Təfəkkür” liseyinin şagirdlərinin ifasında şeirlər səslənib.