Tbilisidə Heydər Əliyev Fondunun və ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans, sərgi və rəsmi qəbul keçirilib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, səfir Dursun Həsənov və digər rəsmi şəxslər əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət ediblər. Sonra nümayəndə heyəti Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyəti qurucularından Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin məzarlarını ziyarət ediblər.
Konfransda çıxış edən səfir Dursun Həsənov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 28 mayında məhz bu şəhərdə (Cümhuriyyətin müvəqqəti hökuməti iyunun 16-dək Tiflisdə fəaliyyət göstərib – red.) elan edildiyini xatırladıb.
Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili Cümhuriyyətin 100 illiyi münasibətilə xalqımızı təbrik edib. Bu gün ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan nazir gürcü tələbələrin Azərbaycan universitetlərində, azərbaycanlı tələbələrin isə Gürcüstan universitetlərində təhsil aldıqlarını söyləyib.
Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Giorgi Kvesitadze, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İlqar Niftəliyev iki xalqının 100 il başlanan istiqlaliyyət yoluna nəzər salıblar.
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Lamiyə Qafarzadə Cümhuriyyət dövründə mədəniyyət, təhsil sahəsində fəaliyyətdən bəhs edib. GMEA-nın üzvü Ramaz Xurodze Gürcüstan arxivlərində saxlanılan materialların sona qədər tədqiq olunmadığını bildirib və hər iki ölkə alimlərinin birgə araşdırmalarının vacibliyini vurğulayıb.
Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən film nümayiş olunub.
Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi təşkil edilib. Heydər Əliyev Fondunun və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul da keçirilib.