Heydər Əliyev Sarayında Emin Ağalarovun konserti

Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarov dekabrın 14-də Heydər Əliyev Sarayının səhnəsində geniş konsert proqramı ilə çıxış edib. Konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Konsertdən əvvəl çıxış edən E.Ağalarov ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib. Müğənni deyib: “Doğma səhnədə çıxış etmək böyük məsuliyyət və böyük şərəfdir. Səmimi sevgiyə görə çox sağ olun. Mən Azərbaycanı çox sevirəm, burada böyük məmnuniyyətlə çıxış edirəm”.

Konsertdə müğənninin “Moy Azerbaydjan”, “Davay sbejim v Baku”, “Still”, “Amor”, “Ya luçşe vsex jivu” və digər hitləri səslənib. Eminin ifasında dahi Müslüm Maqomayevin əfsanəvi “Mavi əbədiyyət” mahnısı konsertin kulminasiya nöqtəsi olub.

“Müslüm Maqomayev unikal səsə sahib idi. Onun xatirəsi daim yaşayacaq. Şadam ki, mən bu gün bu mahnını sizin üçün ifa etdim”, - deyə Emin qeyd edib.

Bakılı tamaşaçılar ifaçını sürəkli alqışlarla qarşılayıblar.