Maqsud Şeyxzadənin 110 illiyi qeyd edilib
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadənin 110 illiyi münasibətilə elmi konfrans keçirilib. Tədbirdə mərkəzin layihəsi ilə lentə alınan “İki xalqın iftixarı” adlı sənədli filmin və “Özbək şeir çələngi” adlı kitabın təqdimatı olub.
AMM-in direktoru Samir Abbasov Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib.
Özbəkistan Yazıçılar İttifaqının nümayəndəsi Risalət Xaydarova Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib, Prezident Şavkat Mirziyoyevin sözlərini diqqətə çatdırıb: “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”.
Sonra ssenari müəllifi və rejissoru Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədov olan “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdirilib.
Akademik Naim Kərimov öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan dahi dramaturq Maqsud Şeyxzadə yaradıcılığına nəzər salıb, onun dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin əsas tədqiqatçısı olduğunu qeyd edib.
Ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Atxambek Alimbekov, Baxadur Kərimov, Abdulmurad Tilavov, tarixçi Şuxrat Salamov və başqaları öz məruzələrində Maqsud Şeyxzadəni yalnız şair və dramaturq kimi yox, həm də istedadlı alim kimi xarakterizə ediblər.
Məruzəçilər Maqsud Şeyxzadənin Özbəkistanda böyük tərcümə məktəbinin də əsasını qoyduğunu və onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Aleksandr Puşkin, Mixail Lermontov, Uilyam Şekspir, Corc Bayron, Şota Rustaveli kimi dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə etdiyini vurğulayıblar.