Maqsud Şeyxzadənin 110 illiyi qeyd edilib
Dekabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Azərbaycanın “Kaspi” qəzeti və eyniadlı Təhsil Şirkətinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə ssenari müəllifi və rejissoru Özbəkistanda yaşayan soydaşımız Eldar Məmmədov olan “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdirilib.
Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışan natiqlər ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manquberdi, hökmdar Mirzə Uluqbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildiriblər. Özbək ədəbiyyatının “Şekspiri” adlandırılan Maqsud Şeyxzadənin qardaş xalqın ədəbiyyatının və ədəbiyyatşünaslığının inkişafında əvəzsiz xidmətləri vurğulanıb. Ədibin bədii tərcümə işinin də yüksək bilicisi olduğunu deyən çıxışçılar onun Avropa və dünya klassiklərinin, eləcə də Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərlərini özbək dilinə tərcümə etdiyini qeyd ediblər.
Çıxışlardan sonra bir qrup şəxsə hər iki xalqın ədəbiyyatına verdiyi töhfələrə görə Mətbuat Şurasının diplomları təqdim edilib.