Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin və Xırdalan şəhər onbirillik Musiqi məktəbinin şagirdləri dünya şöhrətli bəstəkar Qara Qarayevin Bakıdakı ev-muzeyinin qonağı olublar.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova məktəblilərlə muzey və Qara Qarayev haqqında sual-cavab şəklində söhbət aparıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə kvartetinin ifasında Qara Qarayev musiqisinin sədaları altında məktəblilər muzey eksponatları ilə tanış olublar. Sonra G.Şaroyev adına məktəbin şagirdlərinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsert təqdim olunub. Bəstəkarın həyat və yaradıcılığı haqqında məktəbin musiqişünas müəllimi Nüşabə Quliyevanın hazırladığı  məlumatlar da maraqla dinlənilib.

Sonda məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev muzeyin əməkdaşlarına təşəkkürünü bildirib.