“həyatdakılardan da real Toska-Kavaradossi cütlüyü”nün müəllifi, “sağ ikən klassik”, “operanın hələ ki, ən ön flaqmanı” kimi epitetlərlə bahəm...

həm də – 1924-cü ilsonu çoxheyətli bir orkestrin qəflətən susmasına, nəhəng bir salondakı çoxminli tamaşaçı kütləsinin təəccübdən bir an donmasına, teatr-tamaşa kollektivlərinin “ən dinməz”i hesab edilən dirijorunsa (özü də kim, kim – Artur Toskanini!) öz ifa çubuğunu partitura üstə atıb danışmasına “bais” Cakoma Puççini...    

Sağlığında çox qeyri-adiliklər doğurub, xeyli gözlənilməzliklər törətmiş bu dahinin bəri başdan vurğuladığım bu ömürsonrası “mane”çiliyinin açması da – elə bu yazısonrasına qalsın; axı, onunla bağlı bu analoqsuz “axirət” qəribəliyinə gələn yol bundanöncəki bir sıra həyati-sənəti “performans”lardan başlayıb.

 

Məsələn; –

 

qədimdən qədim korifeylər İtaliyasının bu növbəti dahisi öz yeni operası “Madam Batterflay”ın (digər adı – ilk quruluş-qoyuluşda uğur qazanmayan, dostlarının təkidilə yenidən işlədikdən sonra isə triumfa səbəb olan “Çio-Çio San”) mövzusunu yenidən-yeni bir ölkədə – 1907-ci ildə “Metropoliten-Opera”dakı bir premyerada iştirakçün gəldiyi Nyu-Yorkda tapıb.

Üç il sonra isə bu şəhərə yenidən (növbəti bir premyerada iştirakçün) gəldiyində “kəşf” etdiyi yeni opera – “Manon Lesko”!

Və... siz bir bu bəxt-qismət “dilemma”sındakı səbəb-nəticə əlaqələrinin fərqinə varın;  o tamaşa, ingilis dilində bir kəlmə bilməyən bəstəkarın o dərəcədə xoşuna gəlir ki, hələ xəyalında cücərməyə başlayan operasının partitur-uvertürasının ilk taktlarını elə salonda (sükutdan “milçək vızıltısı” belə eşidiləsi o teatrın lojasındaca!) zümzümələməyə başlayır və yalnız “dəlicəsinə” frazası ilə ifadə olunası bir istəklə, həmin o faciə taleli “oyun səhnəsi” qadınlarından xeyli fərqli bir “vokal-arioza səhnəsi” obrazları yaratmaq ideyasına sarılır...

Hələ məşhur “Toska”sının məşqləri əsnasında teatr primadonnasının “qarayaxa”  təzyiqləri altında əsas qəhrəmanın partiturasına dəyişikliketmə (“Vissid arte” ariyasını əlavə ilə) “məhkumluğunu”, İtaliyanın məişət tarixinə “dahinin dahiyanə qısqancı” kimi düşmüş arvadının onu ev xidmətçisilə sevgi macərasında günahlandırması və xidmətçinin öz həyatına qəsd etməsini “demirik”...

 

Yaxud; –

 

bu dahinin şəxsi çabasındankənar bir qəribəlik; dünya musiqisevərləri (xüsusən, öz vətəni İtaliya, bəşəri parlamına bünövrəlik etmiş Amerika və “ən incəliklərinədək duyulduğu” İngiltərə publikaları) bu sənətkarın ad gününü sənəddəki “22 dekabr 1858”lə yox, sənətdəki ən zirvə uğur günü – “14 yanvar 1900-cü il”lə qutlamağa başlayıblar. Bu, onun “dünyanın ən populyar on operası”ndan biri sayılan “Toska” şedevrinin premyera tarixçəsidir. Hətta bu “fəxri eyham”ı üç il sonra – “La Fanciulla del West”in premyerasında (əsas partiyalarda əfsanəvi E.Karuzo və Destinini, dirijor – “dünyəvi maestro” A.Toskanini) iştirakçün yenidən yollandığı Nyu-Yorkda onun “üzünə” də vurublar...

Bir çox sənədli və xatirəvi mənbələrə görə, ogünədək neçə-neçə məşhur salonlarda çağlayan sürəkli alqışları, triumfal qarşılamaları bəzən “eşitməzliyə” vurmuş bu opera kralı həmin o möhür-möhtərəm “üzəvurma” anında elə bir mütəəssirlik yaşayıb ki, bu, hətta ömürsonu yazdığı operasının –“Turandot”un bitirilməməsində də rol oynayıb. O “Turandot” ki, bir vaxtlar (C.Verdinin “Aida”sının bəxş etdiyi şöhrətdən sonra) “tamamilə opera bəstəkarı olmaq” qərarını qəbul edib, “Tanrı çeçələ barmağı ilə mənə toxunaraq buyurdu ki, sən yalnız və yalnız teatr üçün yaz” demiş sənətkar, bu əsəri ilə “hətta klassik musiqidən qaçan “uzaqlar”ı da yaxınlaşdırmaq” fikrindəymiş...

Və bütün bunların –

 

Səbəb-vəsilələri...

 

Bu böyük sənət “inteqral”ının “əlifba”sından başlayaq.

Məsələ burasındadır ki, opera aləminin ildırımsürətli finişçisi Cakomo bu yürüşə “quru yerdən” yox, yüzillər boyu musiqiylə məşğul olmuş bir ailədən başlayıb. Beş yaşındaykən musiqi təlimi üçün əmisinin yanına göndərilən, ilk vaxtlar “əmisinin ən istedadsız və ən itaətsiz balası” hesab edilən (hər səhv nota görə ayağına vurulan “lya-si” zərbəli cəzalarla “mükafat”landırılması və... gələcəkdə orkestrlərdən eşitdiyi hər yanlış not anında ayağının sızlaması faktları da ki, öz yerində!) Cakoma “Milan Konservatoriyasının yetirmələri sırasında şəriksiz vunderkind” adlandırılır, çox tezliklə nəinki bütün Puççinilər şəcərəsinin, həm də özünəqədərki İtaliya musiqi pleyadasının şan-şöhrət öncülünə çevrilir. Lakin o bu zirvəyə yetmək üçün çox eniş-yoxuşlardan keçməli olur.  

İtaliyadaxili məşhurluğa “Manon Lesko”dan başlamış bu bəstəkar mütəxəssislər qələmində “bənzərsiz notlar sarayı” kimi epitetlərlə qiymətləndirilən “Bohema” operası ilə dünya şöhrətinə yol alır. Hansı ki, sonralar “ecazkar gözəllik xonçası” da adlandırılası bu operanın “mürəkkəblik”, “şaşırıcılıq” kimi təsir-təəssürat elementləri ilk vaxtlar tənqidçilərdən bəzilərini: “Bohema” musiqi tarixində heç bir iz qoymayacaq, müəllif bu əsərini elə indidən səhv iş hesab edə bilər” kimi qənaətlərə vadar edib. Lakin o dövrün nüfuzlu qəzetlərindən birində belə bir fikir də yazılmışdı: “Maestro, əgər Siz bu əsərinizlə opera dünyasına nöqtə qoymuş olduğunuzu düşünmürsüzsə, mən sənətimi dəyişib salyami satıcısı olacağam”...

Məqamkən qeyd edək ki, “qadın qəlbinin bilicisi” sayılan Puççini bu “zərif məxluqat kəhkəşanı” incəliklərini, demək olar, bütün operalarında (xüsusən, tək elə İtaliyada yox, dünyanın əksər teatr kollektivlərində virtuoz vokalçıların daha da təkmilləşməsinə güclü təkan vermiş “Manon Lesko”, “Çio-Çio San”, “Qərbdən  gələn qız” və “Turandot”da) əks etdirib. Opera dünyasının “ən yaxşı melodik  nailiyyəti” hesab olunan “Toska” notlarınınsa, müasir tənqidçilərdən birinin təbirilə desək, “riqqətə gətirmədiyi bir qəlb tapılmaz”. 

Bu da maraqlıdır ki, əksər əsərlərinin libretto fakturasını “ordan-burdan” (əcnəbi müəlliflərin əsərlərindən) götürmüş Puççini bu operasını da fransız dramaturq V.Sardunun (ilk dəfə məşhur S.Bernarın iştirakıyla Milan teatrında gördüyü və uzun müddət qeyri-adi diqqət-məhəbbət mərkəzində saxladığı) “Toska” pyesi üzərində qurmuşdur.    

Və bir neçə kəlmə də “XIX əsrin ən möhtəşəm musiqi yaradıcılığı nümunəsi” sayılan “Toska”nın (həm də təbii ki, Puççininin) –

 

Bakı həyatı...

 

Əslində, Puççini irsinin (“Bohema”, “Çio-Çio-San” və xüsusən, ümumdünya şedevri “Toska”nın) bizim paytaxt yaşamı çoxdanlardan başlayıb, lakin bir qəzet yazısı qapsamında toxunulması mümkün olanlardan danışaq.

Deyək ki, mütəxəssislərin “musiqili dram” da adlandırdığı, məğz, dramatizm, kütləvi səhnələr, habelə, bizim mentalımızda önəm verilən sevgiyə vəfa, əsarətə, zülm-zülmətə etiraz və s. kimi mövzu rəngarəngliyi baxımından çox çətin olan bu operanın əsas partiyaları yaxın keçmişlərə qədər qeyri-azərbaycanlı solistlər (həm də orijinalda yox, rus dilində) oxunurdu. Son illər isə öz vokalçılarımızın (o cümlədən bir neçə il əvvəl ifalarını dinlədiyim xalq artistləri Azər  Zeynalov və Qərinə Kərimovanın - həm də orijinala xələl gətirməyəcək dərəcədə milli təhər-tövr ovqatları əlavələrilə) ifalarında bu qədim və yeni Bakımızın möhtəşəm opera səhnəsində çox maraqlı Kavaradossi, çox gözəl Toska obrazları ilə qarşılaşmaqdayıq.

Yuxarıda bu operanın bizim xəlqi hal-əhvalımızla xeyli səsləşməsilə bağlı dediyim sözlərə müvafiq olaraq (həm də yazıda musiqi əsərindən fraqment verməyin mümkünsüzlüyünə görə) əlavə edim ki, operada cərəyan edən hadisələrin özəyində üç obrazın mübarizəsi durur: qəddar polis rəisi Skarpia, insanpərvər Kavaradossi və bəşəri düşüncəliliyilə bahəm, həm də fərdi xüsusiyyətli, sevgidə etibarlı qadın Toska. Özünü ətrafına aristokrat kimi sırımağa (bununla da istedad və gözəllik mücəssəməsi Toskanı ələ keçirməyə) çalışan Skarpianın öz istəyinə çatmaq yolunda gözəl müğənni Toskanın sevgilisini – rəssam Kavaradossini gözdən salmaq üçün əl atdığı müxtəlif hiylələri (məqamların birində qətlinə fərman  verməsini, lakin həm də Toskanın qəzəbinə  tuş gələrək həyatını itirməsini)  müşayiət edən ecazkar musiqi parçaları, ariya və ariozalar operanı heyrətamiz dərəcədə canlandırır.  Nəticədə isə... (lap bizim məlum muğam operalarımızın final taleyi kimi) Toska özünü məhbəs qalasından yerə atır...

Və belə bir ədəbi-bədii ölüm-itim ardınca, “bəşər kisəsi”ndən getmiş hesab edilməli sənədli bir –

 

Əbədi ağır itki

 

Bu yarımbaşlığı “Nakam “Turandot...” da adlandırmaq olar...

Bəli, bu yazının başlığındakı “1924-cü ilsonu” ifadələrinin açması.

Möhtəşəm, teatral mədəniyyət və qayda-qanunlara az qala dövlət konstitusiyası qədər əməl edən Milan teatrında “Turandot” operası gedir. Bəstəkarın dostu, əfsanəvi dirijor Artur Toskanini operanın son notunda çubuğunu kənara qoyub deyir: “Burda ölüm bəstəkarın işini yarımçıq qoydu və o, operanı bitirə bilmədi”...

Tahir ABBASLI