Regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi

Dekabrın 25-də Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun iştirakı ilə nazirliyin regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.

Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları və 15 regional mədəniyyət idarəsinin rəisləri iştirak edirdi.

Müşavirədə çıxış edən Rafiq Bayramov mədəniyyət idarələrinin, nazirliyin strukturuna daxil olan mədəniyyət müəssisələrinin müasir texnologiyalardan istifadəsi ilə bağlı məsələlərdən danışdı. Qeyd etdi ki, 2019-cu ilin yanvarından etibarən nazirlik daxilində bütün yazışmalar, sənəd dövriyyəsi elektron formada aparılacaq. Gələn ilin sonuna kimi isə regional idarələrdə də bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulub.

Nazir müavini həmçinin sosial şəbəkələrdən istifadənin daha da genişləndirilməsinin vacibliyini vurğuladı: “Nazirliyin daxilində həyata keçirilən islahatlar həm Bakıda, həm də regionlarda mədəniyyət sahəsinin daha da inkişafına şərait yaradıb. Bu islahatlar öz bəhrəsini verməkdədir. Bununla bərabər, həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında sosial şəbəkələrin imkanlarından da geniş istifadə olunmalı, bu məsələ diqqətdə saxlanılmalıdır. Müasir texnologiyalardan istifadə də günün tələbləri səviyyəsinə qaldırılmalıdır. Bu istiqamətdə də nazirlik öz dəstəyini göstərəcək. Əməkdaşların müasir texnologiyalardan istifadə bacarıqlarının artırılması, onlar üçün treninqlərin təşkili məsələsi də diqqətdə saxlanılacaq”.

Rafiq Bayramov diqqətə çatdırdı ki, ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi daha da genişləndirilir. Bu istiqamətdə atılan addımlar gələn il daha da yüksəldilməlidir.

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov regional idarələrin saytları, onların sosial şəbəkələrdəki səhifələrinin idarə olunması ilə bağlı danışdı. Bu istiqamətdə aparılmış qısa arayışı diqqətə çatdırdı. Vurğuladı ki, bir sıra regional idarələrdə mətbuatla iş, rəsmi saytların idarə olunması və sosial şəbəkələrdən istifadə yaxşı səviyyədə olsa da, bəzilərində bu sahədə çatışmazlıqlar var. Şöbə müdiri onu da qeyd etdi ki, regional idarələrin mətbuatla iş üzrə məsul olan şəxsləri üçün gələn ilin əvvəllərində treninq təşkil olunması nəzərdə tutulub.

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Qabil Abbasov regional idarələrin saytlarının müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərdən söz açdı. O, saytların təhlükəsizliyinin qorunması ilə bağlı vacib məqamlar haqqında məlumat verdi.

Sonda nazir müavini Rafiq Bayramov 2019-cu ildə regionlarda mədəniyyət sahəsinin inkişafı, keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.

F.HÜSEYNOV