2020-ci ildə qədim Xivə şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini qəbul edə bilər

Özbəkistan TÜRKSOY-un 2012-ci ildən bəri reallaşdırılan “Mədəniyyət paytaxtı” layihəsinə qoşulmaq niyyətindədir. Xatırladaq ki, 3 sentyabr 2018-ci ildə Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən Türk Şurası 6-cı Zirvə görüşünə fəxri qonaq kimi qatılan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Orta əsrlər Türk-İslam mədəniyyətinin nadir mədəni və memarlıq abidələri olan qədim Xivə şəhərinin 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmasını təklif edib.

Artıq bununla bağlı çalışmalara başlanılıb. Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Sayfullayevin dəvəti ilə bu ölkəyə səfər edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Daşkənd və Xivə şəhərlərinin də daxil olduğu Xarəzm vilayətinin mərkəzi Urgəncdə görüşlər keçirib.

Düsen Kaseinovun Daşkənddə mədəniyyət naziri Bəxtiyar Sayfullayev ilə görüşündə 25 il öncə yaradılan TÜRKSOY-un qurucu üzvlərindən birinin Özbəkistan olduğu vurğulanıb, “Mədəniyyət paytaxtı” layihəsi vasitəsilə bu əməkdaşlığın inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Türk dünyasının zəngin mədəni mirasını dünya miqyasında tanıtmağı özünə hədəf edən TÜRKSOY-un fəaliyyətlərində Özbəkistanın iştirakının önəmli olduğu qeyd edilib.

Prezident Ş.Mirziyoyevin açıqlamasının bu yöndə mühüm impuls olduğunu deyən D.Kaseinov, Özbəkistanın təşkilatda fəaliyyətinə fasilə verdiyi dönəmdə belə özbək mədəniyyət və sənət adamları ilə əməkdaşlığı davam etdirdiklərini söyləyib: “Özbəkistanın zəngin tarixi və mədəniyyəti, sadəcə, Türk dünyasının deyil, dünya mədəniyyətinin xəzinəsidir”.

Görüşdə Özbəkistanın TÜRKSOY-dakı təmsilçiliyi məsələsinə də toxunulub. Baş katib “TÜRKSOY-da, bayrağınız da asılıdır. Özbəkistan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisinə aid otaq sizləri gözləyir. TÜRKSOY Özbəkistanın fəal iştirakı ilə daha da güclənəcək”, - deyə bildirib.

D.Kaseinov və heyət XV əsrdən XX əsrə qədər xanlığın paytaxtı olan qədim Xivəni gəzib. Şəhərin tarixə meydan oxuyan sarayları, bənzərsiz memarlığı və qədim binaları onları heyran edib.

Mehparə SULTANOVA
Ankara