Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində konsert proqramı təşkil olunub. Dekabrın 22-də keçirilən konsertdə əslən bakılı olan pianoçu və opera müğənnisi, musiqişünas-pedaqoq Lada Atlantovanın yetirmələri çıxış ediblər.
Konsertdən əvvəl L.Atlantova konsert üçün yaradılan şərait və əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.
Moskva İncəsənət Akademiyasında Opera müğənniliyi kafedrasına uzun illər rəhbərlik edən Lada Atlantovanın tələbələri konsertdə Avropa bəstəkarlarının Milad və Yeni ilə həsr olunmuş əsərlərini ifa ediblər. Konsert proqramında bəstəkar Gennadi Qladkovun “Bremen musiqiçiləri” cizgi filmi üçün bəstələdiyi və dahi Müslüm Maqomayevin ifasında şöhrət tapan “Trubadurun serenadası” da səslənib.