Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşəbbüsü ilə Tbilisi şəhərində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Qara Qarayev-100” adlı tədbir keçirilib.
Tədbirdə Tbilisidə fəaliyyət göstərən musiqi təhsili ocaqlarının tələbə və müəllim heyəti, ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr və muzeyin əməkdaşları iştirak ediblər. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarını tədbir iştirakçılarına təqdim edib.
Muzeyin əməkdaşları – aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli, fonoteka şöbəsinin müdiri Ruhiyyə İsmayılova Bakıda Qara Qarayevin ev-muzeyinin yaradıldığını və oktyabrın 1-də - Beynəlxalq musiqi günündə açılış mərasiminin keçirildiyini diqqətə çatdırıblar. Muzeyin strukturu, orada saxlanılan eksponatlar, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bu filialın yaradılmasında gördüyü işlər barədə məlumat verilib. Çıxışlar slayd-şou ilə müşayiət olunub, bəstəkar haqqında çəkilən sənədli filmlərdən parçalar nümayiş etdirilib.
Daha bir tədbir Gürcüstan Xalq Musiqisi və Musiqi Alətləri Dövlət Muzeyində gerçəkləşib. Yavər Neymətli Qara Qarayevin gürcü həmkarları David Toradze, Sulxan Tsinsadze, Qiya Kançeli, rəssam Simon Virsaladze ilə münasibətləri barədə məlumat verib. Muzeyin direktoru Revas Kotrikadze Qara Qarayev musiqisi ilə Gürcüstan Dövlət Simfonik Orkestrində işlədiyi zaman ilk tanışlığından danışıb. Revaz Şanidzenin rəhbərlik etdiyi “Ənənəvi gürcü çoxsəsli studiyası”nın musiqiçiləri konsert proqramı ilə çıxış ediblər.
Muzeyə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Qara Qarayevin ev-muzeyi adından hədiyyələr təqdim edilib.