Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Aşıqlar Birliyi və “Dərələyəz” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Aşıq Cəlilin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
“Dərələyəzli ustad Aşıq Cəlil” mövzusunda tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq “Cəlili” aşıq havası ilə öz adını Azərbaycan aşıq sənətinin tarixinə əbədi yazmış aşığın həyat və yaradıcılığından danışıb. Bildirib ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış aşığın yaradıcılığı uzun müddət tədqiqatdan kənarda qalıb və yalnız son 30 ildə onun barəsində müəyyən araşdırmalar aparılıb. Bildirilib ki, Qərbi Azərbaycanın Dərələyəz mahalında doğulmuş Aşıq Cəlil ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları nəticəsində 1918-ci ildə Naxçıvana köçüb və burada aşıq yaradıcılığının inkişafında mühüm xidmətlər göstərib.
M.İmanov Aşıq Cəlil haqqında məlumatların əsasən xatirələr, rəvayətlər, şeirlər və aşıq havalarından öyrənildiyini, onun şeir yaradıcılığının az bir hissəsinin yaşadığımız dövrə gəlib çatdığını söyləyib. Qeyd edib ki, özünəməxsus musiqi yaradıcılığı ilə seçilən aşığın yalnız 12 saz havası tədqiqatçılar tərəfindən müəyyənləşdirilib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və “Dərələyəz” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədr müavini Sevindik Hüseynov Aşıq Cəlilin yaradıcılığının xarakterik xüsusiyyətlərindən danışıblar.
Tədbirdə “Cəlili” aşıq havaları haqqında”, “Şahablı Aşıq Cəlil və Sallılı Aşıq Cəlil: oxşar adlar, oxşar talelər”, “Dərələyəz aşıq mühiti və Aşıq Cəlil”, “Dərələyəzli Aşıq Cəlilin soykökü”, “Aşıq Cəlil yaradıcılığı” və “Dərələyəzli Aşıq Cəlil: bildiyimiz və bilmədiyimiz həqiqətlər” mövzularında məruzələr dinlənilib.
Aşıqlar Birliyi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Aşıq Altay “Cəlili” havalarını ifa edib.