“Əlimə pul düşən kimi yeni kitablar alırdım, əgər sonra artıq pulum qalsaydı yemək-içmək”
   Erasmus
   
   Hər millətin özünəməxsus kitab oxumaq vərdişi və kitab mədəniyyəti var. Araşdırmalara görə, dünyada ən çox kitab oxuyan millət norveçlilərdir. Daha sonra yaponlar, fransızlar, amerikalılar bu sıranı davam etdirir.
   Günümüzün məşhur dəbindən - İnternetdən sonra insanlar kitabı demək olar, atıb onu tutdular.
   Beləliklə, standart bilgiyə, savada sahib və ərtafda baş verən (ölkədaxili və ölkəxarici) bütün hadisələrə eyni münasibət bəsləyən kütlə yaranır.
   Bunun səbəbi də insanların eyni informasiya ilə məlumatlanmaları və daha çox populyar, səs-küyə səbəb kitablar oxumağa üstünlük vermələridir.
   Hər şey, bir sualla: “Azərbaycanda kitab oxumaq vərdişi varmı?” ilə başladı və qələmə sarıldıq. Sualdan qaynaqlanan digər suallarımıza cavab axtarmaq məqsədilə kitab bazarının mənzərəsini cızıb-çözdük. Bakı şəhərində 100 adam arasında sorğu keçirdik. Respondentlərdən 62-si qeyri-mütəmadi, 11-i davamlı olaraq kitab oxuduğunu, 16 nəfəri kitab oxumaqdansa televizor izləməyi üstün tutduğunu, 4-ü kitab oxumağa vaxtı olmadığını, 7-si ümumiyyətlə kitab oxumadığını bildirdi.
   Pirat kitabların satışına münasibətiniz? - sualını təbəssümlə qarşılayan respondentlərimiz orijinal kitabların bahalı olduğunu və kitab bazarının 80%-ni pirat kitablar təşkil etdiyini bildirdilər.
   Əslində, neçə vaxtdır piratçılığa qarşı mübarizə yolları axtarılır və tapıldıqca tətbiq olunur.
   Amma hələ də bazardakı kitabların yarıdan çoxu pirat nüsxələrdir.
   Xüsusilə də tərcümə əsərlərinin, dərslik və dərs vəsaitlərinin pirat nüsxələri geniş yayılıb. O cümlədən, abituriyentlər üçün hazırlıq vəsaitləri, lüğətlər, ingilis, rus və digər dillərin öyrənilməsi üçün praktik kitabların demək olar ki, hamısı piratdı.
   Pirat kitablar daha çox kitab mağazalarında deyil, metro stansiyalarının keçidlərində, açıq satış mərkəzlərində satılır. Müşahidələrdən məlum olur ki, elə ən çox alıcılar da kitabları belə yerlərdən alır.
   Kitab mağazalarına gəlincə, burada da pirat kitabların maraqlı nümunələrinə rast gəlmək olar. Niyə «maraqlı» dedik? Çünki burada satılan kitabların üz qabığı nəfis tərtibatlı və orijinal görkəmli olsa da, içi piratdı. Bu tip kitablar daha çox məşhur müəlliflərin (U.Eko, P.Zuskind, P.Koelyo, R.Kiplinq, M.Kundera) rusdilli nəşrlərinin pirat nüsxələridir. Kitabın hazırlanmasında heç bir əməyi olmayan işbazlar belə kitablar ortaya çıxan kimi onun pirat nüsxələrini nəşr edirlər.
   Bunun qarşısının alınmasına hər nə qədər çalışılsa da pirat kitabların satışı ildən-ilə artır. Etiraf etmək lazımdır ki, iqtisadi səbəblərə görə,ümumiyyətlə bütün dünyada kitab oxumayan və kitab oxumağa marağı olmayan kütlə formalaşıb.
   Kitab satıcılarından biri bildirdi ki, orijinal kitablardan ən çox satılanlar arasında «Fikir antologiyası» seriyasından olan kitablardır. Onun da qiyməti əvvəl 10 manat idisə, indi 15 manat olub.
   “Bu bahalaşma eqoizm ucuzlaşmalarına yuvarlanan insanların pirat kitablar alma eşqini daha da alovlandırır” - deyə satıcı əlavə etdi.
   Satıcılarla söhbət əsnasında o da məlum oldu ki, satışa çıxarılan pirat məhsulların 70 %-i alınır. İnsanları keyfiyyət yox, qiymət maraqlandırır.
   Təbii ki, vergi ödəməyən, qeyri-qanuni, keyfiyyətsiz məhsul buraxan piratçılar məhsullarına ucuz qiymət qoyurlar. Bütün bunlar da dövlətin, nəşriyyatın və müəllifin pullarının piratçıların cibinə axması ilə nəticələnir. Belə olan halda orijinal kitabların qiyməti təbii olaraq qalxır. Bu isə əks təsirini verir ki, alıcılar daha çox pirat kitablar almağa yönəlirlər.
   Artıq bu xəstəliyi istehlakçı da qəbul edib. Bu cür kitablar öz keyfiyyətsizliyi ilə bahəm, hətta sağlamlıq üçün də təhlükələr törədir. O, həm də dövlətlərin büdcəsinə ciddi zərbə, bütün cəmiyyətlərin mental inkişafına təhlükədir.   

Turan