Hər il olduğu kimi, bu dəfə də Azərbaycan paytaxtı Yeni ili bayram libasında qarşılayır. Üstəlik, bu il Bakının küçə, meydan və parkları daha parlaq, rəngarəng və xüsusi dizaynla bəzədilib. Ən böyük şam ağacı Azadlıq meydanında qurulub. Qız qalasının yaxınlığında qeyri-adi görünüşlü, dekorativ şam ağacı quraşdırılıb. Şəhərin park və xiyabanları, yollar, küçələr də bəzədilib. Paytaxtın bu gözəlliyini sakinlərlə yanaşı, şəhərimizin qonaqları da böyük həvəslə izləyirlər.
Şəhərdə ən böyük əyləncə məkanlarından biri Fəvvarələr meydanındadır. Bayram ərəfəsində burada ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirilir. Ərazidə qurulan pavilyonlar əylənmək və hədiyyə almaq üçün əla fürsət yaradır.
Dənizkənarı Bulvar İdarəsi də artıq bayram hazırlıqlarını yekunlaşdırıb. Kukla teatrının arxasında yerləşən meydanda sakinlərə bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər, xoş musiqi gözləyir.
* * *
Yeni təqvim ili dünyanın müxtəlif yerlərində fərqli ənənə və mənzərələrlə qarşılanır, Avropa ölkələrində isə bu günlər Milad bazarlarının qızğın çağıdır. Meydanlarda qurulan çadırlar müxtəlif növ şirniyyatlar, oyuncaq və əl işlərindən ibarət hədiyyələrlə boldur.
Tarixi məlumatlara əsasən, ilk milad yarmarkaları hələ Orta əsrlərdə alman şəhərlərində təşkil edilib. İlk bayram bazarının 1298-ci ildə Vyanada təşkil edildiyi bildirilir. Bundan sonra isə belə məkanlar Drezden, Münxen, Frankfurtda fəaliyyətə başlayıb.
Bu gün isə Milad yarmarkaları qışı mülayim keçən İspaniya və İtaliyadan qar-buzlu Skandinaviyaya qədər bütün Avropa şəhərlərində il sonunun mühüm mənzərəsidir. Bu bazarlarda qida məhsulları ilə yanaşı ziyarətçiləri şən musiqilər, yelləncəklər, artistlərin çıxışları, müxtəlif əyləncələr gözləyir.