Qarşıdan Yeni il bayramı gəlir. Bu bayramın qışda qeyd olunması dünyanın bir çox ölkələrində, xüsusilə də müsəlman ölkələrində xristianlıq ənənəsi olaraq qəbul edilir. Lakin Ankara İldırım Bəyazid Universitetinin professoru, tarixçi, Rusiya Araşdırmaları İnstitutunun direktoru Salih Yılmaz tədqiqatlarına əsasən bu qənaətə gəlib ki, Yeni il bayramını türklər xristianlıqdan öncə qeyd ediblər, həm də özünəməxsus formada.

Alimin sözlərinə görə, Türk mədəniyyətində Ayaz ata (Şaxta baba) ənənəsi, Xristianlıqdakı Noel baba və ya ruslardakı Ded Moroz mifi ilə bağlı deyil. Əksinə, onlardan da qədimlərə dayanan mifik bir ənənədir: “Ayaz ata, Ayaz xan olaraq tanınan bu mifoloji qəhrəman Şaxta baba kimi soyuq gətirmir, soyuqların bitməsinə səbəb olan bir ruhdur. Ayaz atanın mindiyi xizəkdəki altı ayaq isə Ülkər bürcünün altı ulduzu və göyün altı dəliyini təmsil etməkdədir. O, Ay tanrısı ilə əlaqə quraraq soyuqların bitməsi üçün vasitəçilik edir. Belə bir inanc var ki, Ay tanrısı türkləri soyuq havadan qorumaq üçün Ayaz xanı göndərib.

Professor Salih Yılmaz bildirir ki, Şərq xalqlarında önəmli bayramlardan biri də qaranlıq və aydınlığın 3 günlük savaşı olaraq qəbul edilən 22 dekabrdan 24 dekabradək “İl dönüşü” (Narduğan) bayramıdır: “Bu bayrama görə, ən uzun gecə sona çatacaq, gün uzanacaq və Günəş daha çox görünəcək. Günəşin daha çox görünməsi Tanrının insanlara hədiyyəsidir. Əslində, bu hadisə elmi bir gerçəklik olduğu halda, insan oğlu bu günü ənənəvi bir adətə çevirmişdir. Bu adətlər xalqlar arasında fərqli bir formada tətbiq olunub. Bunu ilk qeyd edənlərdən biri qədim türklər olub. Onlar 22 dekabrda gündüzün gecəyə qalib gəlməsini bir qələbə kimi səciyyələndirər və onu şam ağacının altında qeyd edərdilər. 

Mütəxəssis qeyd edir ki, bu mərasimə əvvəlcədən xüsusi hazırlıqlar görülərdi: “22 dekabrdan öncə evlərini və yaşadıqları yerləri təmizləyər, yeni və təmiz geyimlər geyərdilər. Tanrı Ülgənə təqdim etmək üçün xüsusi hədiyyə hazırlanar və duaların müşayiəti yüksək təpədə qurulan ilə şam ağacının altına qoyardılar. Bu mərasimə bölgənin ən yaşlı və müdrik adamı rəhbərlik edərdi. Türk xalqları onu müxtəlif adlarla çağırıb. Amma əksəriyyət onu “Ayaz ata” adlandırıb. Hətta Ayaz ata yaşlı olduğuna görə ona nəvəsi yaşında qız (Ayaz qız) kömək edirmiş. Orta Asiya və Sibirin türk xalqlarında günümüzdə də  Ayaz ata və Ayaz qız mədəniyyəti var.  Beləliklə, Narduğan türklərdə Yeni il bayramıdır. Ayaz ata bu bayramın simvolu, şam ağacı isə Tanrı ilə qurulan əlaqənin rəmzidir. Buna sübut kimi Türk xalqlarının xalça və kilimlərində şam ağacı və Ayaz ata motivlərini, naxışlarını göstərmək olar. Xristian dünyasına gəlincə, Noel baba obrazı yaxın tarixdə ortaya çıxıb”. 

Salih Yılmaz onu da diqqətə çatdırır ki, Yeni il hunlar dönəmində qeyd olunan bir adət-ənənədir. Türk mifologiyasında həyat ağacının müqəddəsliyi, Göy tanrının ən yüksək təpədə yaşadığına inanılması və özəl günlərdə hədiyyələr verilməsi bir adətdir. Təsadüfi deyil ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında Ayaz ata türklərin mifoloji qəhrəmanı kimi işlənib.

Mehparə SULTANOVA
Ankara