Dekabrın 29-u və 30-da Heydər Əliyev Sarayında uşaqlar sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə maraqlı interaktiv musiqili tamaşaya baxıblar. Simfonik orkestrin müşayiəti ilə təqdim olunan musiqili nağılda uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət ediblər.

Ən populyar cizgi filmlərinin motivləri əsasında hazırlanan musiqili nağılda müğənnilərin ifasında “Gözəl və Bədheybət”, “Soyuq ürək”, “Ələddin”, “Pinokkio”, “Mulan”, “Kral Şir”, “Su pərisi”, “Vinni Pux” və başqa cizgi filmlərindən musiqilər səsləndirilib.

Yanvarın 2-si və 3-də isə Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçirilib. Uşaqlara nağıl qəhrəmanları Dovşan, Qarğa, Canavar, Pirat, İfrit və Küpəgirən qarının iştirakı ilə musiqili, əyləncəli nağıl-tamaşa təqdim olunub. Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşüb və onları mahnılar, rəqslər, oyunlar, Yeni il zarafatları ilə sevindirib. Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatıb.