Bütün dünyada trend olan “Celentano Tribute Show” fevralın 13-də Bakıda, Heydər Əliyev Sarayında çıxış edəcək.
Saraydan bildirilib ki, Mauritsio Şvaytser (Maurizio Schweizer) məşhur aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkizi”dir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.
“Celentano Tribute Show” tamaşaçıları o qədər heyran edir ki, onlar qarşılarında çıxış edənin Adriano Çelentanonun özü olduğundan şübhə etmirlər. Bu günlərdə sənətkarın özü nadir hallarda çıxış edir, doğma ölkəsinin hüdudlarından kənara çıxmır. Bu təkrarsız şou sizə Adriano Çelentanonun konsertində olduğunuzu hiss etdirəcək.
Şou-konsert öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının – Maurizio Schweizerin səhnə obrazına yetirilir. Onun bütün kostyumları Çelentanonun kostyumlarının tam eynisi olur. İstedadı və böyük əməyi sayəsində o, tanınmış əkizinin obrazının bütün detallarını – səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir.