Ötən il Luvr muzeyinə 10 milyondan çox ziyarətçi gəlib. Bu da muzey tarixində rekord göstərici sayılır. Muzeyin direktoru Jan-Luc Martinez bildirib ki, 2018-ci ildə Fransa paytaxtında baş verən terror hücumları ziyarətçilərin sayında azalmaya təsir göstərsə də, sonradan Parisdə keçirilən “Beynəlxalq turizmin bərpası” layihəsi sayəsində rekord nəticə əldə etmək mümkün olub.
Qeyd edək ki, muzeydə bundan öncəki ən yüksək göstərici 2012-ci ildə qeydə alınmışdı. Həmin il Luvru 9,7 milyon insan ziyarət etmişdi.
Parisin mərkəzində yerləşən Luvr ən qədim muzeylərdən biri sayılır. Muzey ilk dəfə 1793-cü il noyabrın 8-də ziyarət üçün açılıb. Burada bədii və tarixi əsərlərdən ibarət zəngin kolleksiya toplanıb.