“Üçüncü günün adamı” Bolqarıstana dəvət alıb

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Üçüncü günün adamı” bədii filmi Bolqarıstan paytaxtında keçiriləcək 11-ci “Sofia Menar” beynəlxalq film festivalına dəvət alıb.

Kinostudiyadan bildirilib ki, film yanvarın 16-da Azərbaycana həsr olunmuş rəsmi gecədə nümayiş olunacaq.

2017-ci ildə lentə alınan filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev və başqaları canlandırıblar.

 

“Çölçü” isə daha bir mükafata layiq görülüb

Rejissor Şamil Əliyevin “Çölçü” filmi beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində “World Film Festival 2018”in (Avstraliya, 1-31 dekabr) “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

Rejissorun verdiyi məlumata görə, yarışmada müxtəlif ölkələrin filmləri 5 kateqoriya üzrə iştirak edib. 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilən ekran əsəri indiyədək bir çox festivallarda mükafat qazanıb. Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı Rauf Əliyevdir. Rollarda Bəhruz Vaqifoğlu, Salome Demuria, Vidadi Həsənov və başqaları çəkilib.