Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin 2019-cu ildə ilk Şura iclası keçirilib. İclasda regional idarə üzrə rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri də iştirak edib.
Öncə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş Elxan Məhərrəmov iclas iştirakçılarına təqdim edilib.
İdarənin rəisi Nazim Ağayev çıxış edərək 2019-cu ilin regionun mədəni mühiti üçün önəmli il olacağını bildirib. Qeyd edib ki, mədəniyyət müəssisələri öz işini daha yüksək səviyyədə, daha məsuliyyətli, ciddi əmək intizamına riayət etməklə, müasir tələblərə uyğun şəkildə qurmalıdır.
İdarənin Qusar rayonu üzrə nümayəndəsi D.İbramxəlilovun, Şabran rayonu üzrə nümayəndə Ə.Səmədovun, Siyəzən rayonu üzrə nümayəndə Z.Qədirlinin rayonlar üzrə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə çıxışları dinlənilib. Mədəniyyət müəssisələrinin rəhbərləri 2019-cu ildə görüləcək işlər haqqında məlumat veriblər.