Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Parisin “Theatre de la Ville” teatrının birgə təşkilatçılığı ilə yanvarın 12-də Azərbaycan muğam triosunun konserti olacaq.

“Theatre des Abbesses” zalında keçiriləcək konsertdə Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edəcək.

Parisdəki “Theatre de la Ville” ötən əsrin 90-cı illərindən Azərbaycan muğam ifaçılarını hər il proqramına daxil edir. Alim Qasımov, Nəzakət Teymurova, Arzu Əliyeva, Ehtiram Hüseynov kimi muğam ifaçılarımızın adları Fransa musiqisevərlərinə tanışdır.

Teatrın internet səhifəsində Azərbaycan muğam ifaçıları, eləcə də muğamımızın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında məlumat verilib. “Theatre de la Ville” ABŞ, Hollandiya, İtaliya və digər ölkələrlə mədəniyyət layihələri həyata keçirir.