26 may Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür
   
    Elə sənətkar var ki, bütün yaradıcılığı boyu nə yazırsa, həyatın hansı problemlərinə müraciət edirsə, həmişə öz sənətkar təbiətinə, yaradıcılıq prinsiplərinə sadiq qalır. Buna yaradıcılıqda ÖZÜNƏMƏXSUSLUQ deyirlər və bu özünəməxsusluq həmin sənətkarı ədəbiyyat aləmində bir kimsə ilə eyniləşdirməyə imkan vermir. Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev məhz belə sənətkarlardandır.
   
   İlyas Əfəndiyev haqqında düşünəndə bir də, quruyub xəzəl olsa belə öz ətrini, rayihəsini itirməyən, elə bil yenicə dərilən BOY ÇİÇƏYİNİ xatırlayırsan. İnsanlar arasında ən zərif, ən kövrək, ən bakirə hissləri də həmin boy çiçəyinin ətri ilə müqayisə eləmək olar. Bir da ona görə ki, İ.Əfəndiyevin nəsri və dramaturgiyası bütünlükdə bu incə hissləri şairanə bir dillə tərənnüm edir.
   Bir anlığa təsəvvür edək ki, XX əsrin nəsri və dramaturgiyasında İlyas Əfəndiyev adlı bir şəxsiyyət olmayıb, o zaman ədəbiyyatımız nələr itirərdi? Nəsrimizdə və dramaturgiyamızda lirik-psixoloji təmayülün, C.Cabbarlıdan sonra yeni və orijinal teatr məktəbinin adı və ünvanı itirilmiş olardı.
   Bu bir həqiqətdir ki, onun yaradıcılığı təkcə ədəbiyyat hadisəsi olub qalmır - bu ədəbiyyatın nəsr və dramaturgiya kimi iki möhtəşəm sarayının memarlarından sayılan İ.Əfəndiyev həm də Azərbaycan mənəviyyatının və mentalitetinin qoruyucularından biridir. Xalqımızın ötən əsrdə keçdiyi böyük tarixi yol - bu yolun uğurundan, qələbəsindən çox ağrı-acıları, bu yolu keçən insanların əzab və sarsıntıları onun yaradıcılığında bir tarix kimi yaşamaqdadır. Heç şübhəsiz, indiki və gələcək nəsillər üçün XX əsr azərbaycanlı obrazı ilə tanışlıq, bu obrazın mənəvi dünyasına yol İlyas Əfəndiyevin nəsr və dram əsərlərindən başlayacaq. Bu bədii əsərlər bəlkə hər dövrdə konsepsiyası dəyişən, istiqamətini ideoloji küləklərin müəyyənləşdirdiyi tarix kitablarından daha qiymətlidir, etibarlıdır. Tarix dedim, görkəmli tənqidçi Yaşar Qarayevin sözlərini xatırladım: "Azərbaycan tarixi barədə klassik sənədlər - yeddi "Qarabağnamə" var. Bütünlükdə İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci "Qarabağnamə" hesab edirəm".
   Bu, həqiqətdir. Və doğrudan da bir hissəsini itirdiyimiz maddi-coğrafi Qarabağı və itirmədiyimiz mənəvi Qarabağımızı daha dərinliklə duymaq və sevmək üçün İ.Əfəndiyevin bədii əsərləri ən etibarlı qaynaqlardan biridir. Çünki Qarabağ dünyası İ.Əfəndiyevin yaradıcılığında həm qədimlikdir, ululuqdur, zəngin tarixi keçmişdir, həm bənzərsiz etnoqrafik dünyadır; səsdir, musiqidir, şeiriyyət aləmidir, həm Azərbaycan bəyliyinin, ağa-xan-tacir görümünün mücəssəməsidir, simvoludur, həm GÖZƏLLİYİN bütün əlvanlığı və rəngarəngliyi ilə göz oxşayır, həm də ən başlıcası, milli-mənəvi dəyərlərimizin göstəricisidir. İlyas Əfəndiyevin "Qarabağnamə"sində Xurşidbanu Natəvan, Qaçaq Süleyman, Sadıqcan, İbrahim xan və onun qızı, "Mahnı dağlarda qaldı"nın qəhrəmanları, yazıçının xəyalından, yaddaşından silinib getməyən ata-babası, yaxın-uzaq qohumları sanki eyni usta əli ilə toxunulan zərif xalçanın müxtəlif rənglərini, çeşidlərini xatırladır.
   İlyas Əfəndiyev ədəbiyyata keçən əsrin 30-cu illərinin sonlarında gəlib. Ancaq böyük sənətə gələnə qədər o, bir sıra məhrumiyyətlərlə, dövrün, zamanın çətin sınaqları ilə üzləşib. Orta məktəbi əla qiymətlərlə bitirən, bu müddət ərzində yalnız müəllimlərin verdiyi biliklərlə kifayətlənməyən İ.Əfəndiyevin ən böyük arzusu Bakıya gəlib Pedaqoji İnstitutun ədəbiyyat fakültəsinə daxil olmaq idi. 1934-cü ildə o, arzusuna çatır. Özünün yazdığına görə, "varlı" hesab edildiyi üçün səs hüququndan məhrum edilmişdi, buna görə işsiz idi, vaxtilə tikdirdikləri böyük evlərini əllərindən almışdılar, doqquz nəfər ailəyə isə onların öz evinin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Ancaq bütün bunlara baxmayaraq, İ.Əfəndiyev institutda verilən qəpik-quruş stipendiya və talonla, gündə 400 qram çörəklə kifayətlənib böyük bir həvəslə təhsilə girişmişdi. Ailəsinin belə yoxsul vəziyyətə salınması, sinfi mübarizə adı altında onlara edilən sitəmlər gələcəyin yazıçısında haqlı narazılıq doğursa da, nikbinliyini, inamını öldürməmişdi. Ancaq "sən saydığını say, gör fələk nə sayır" - deyiblər. Bir müddət keçir, İ.Əfəndiyevi atasının səsi alındığına görə institutdan xaric edirlər. Çovğunlu bir qış günündə isə onların ailəsini sığındıqları o iki otaqdan da çıxarırlar.
   Yaddaşında möhkəm iz salan bu hadisələr, təbii ki, onun əsərlərində bu və ya digər dərəcədə öz əksini tapacaqdı. Çətinliklə də olsa, o, institutun coğrafiya fakültəsini qiyabi bitirir, bir müddət kənddə müəllim işləyir. Atası Məhəmməd kişi isə çəkdiyi əzablara, yeddi körpə uşağının onunla birlikdə sürülmək qorxusuna, tez-tez gəlib hətta yastıqlarının içini də axtaran inzibati işçilərin təhqiramiz hərəkətlərinə dözə bilməyib vəfat edir.
   İ.Əfəndiyevin ilk kitabı 1939-cu ildə çap olunub. "Kənddən məktublar" adlanan kitabda onun eyni adlı povesti və bir neçə hekayəsi toplanmışdı. Adətən ilk kitabı ilə az müəllif diqqəti cəlb edə bilir. Axı birinci kitab hələ istedadın püxtələşməsindən, müəllifin fərdi üslubunun müəyyənləşməsindən soraq vermir. Ancaq İ.Əfəndiyevin "Kənddən məktublar"ı onun bütün sonrakı yaradıcılığı üçün səciyyəvi olan aydın, səlis poetik dili və üslubu, həyat hadisələrinin real təsviri, obrazların psixoloji planda təqdimi ilə diqqəti cəlb etdi. Elə ilk hekayələrində hiss olunurdu ki, İ.Əfəndiyev ədəbiyyata kitablardan yox, həyatdan gəlib. O, nəsrində lirikaya meyl edir, lövhə və surət çəkməyi bacarırdı.
   Şübhəsiz, İ.Əfəndiyev o dövrdə Azərbaycan nəsrinin tematikasına yaxşı bələd idi. Yeniləşən, özünü "quran" insan, həyatda baş verən hadisələrə ayıq baxan ictimailəşmiş fərd, onun həyatı və mübarizəsi, qadın azadlığı, əməyin romantikası, yeni ailə münasibətləri və s. 30-cu illər nəsrinin səciyyəvi mövzuları idi. İ.Əfəndiyev də müəyyən mənada bu tematikaya sadiq qaldı. "Kənddən məktublar"da bəy qızı öz sinfindən, ailəsindən, mühitindən imtina edir, "yeni cəmiyyət qurucuları" sırasına keçir.
   İ.Əfəndiyev müharibə illərində "Durna", "Kiçik bir poema", "Yarımçıq qalmış portret haqqında mahnı", "Tar", "Apardı sellər Saranı", "Qəhrəman və bülbülün nağılı" və s. hekayələrini yazdı, döyüş səngərlərindən uzaqda yaşayan insanların mənəvi dünyasını qələmə aldı, onların daxili aləmindəki çırpıntıları, hiss və həyəcanları təsvir etdi. İndi bu hekayələri oxuyarkən qətiyyən onları dövrün "sifarişi" olan yazılar kimi qəbul eləmirsən. Çünki həmin hekayələrdə dövr şərtidir, onlarda təsvir olunan ölməz məhəbbət ideyası, mənəvi qəhrəmanlıq isə əbədidir.
   İ.Əfəndiyevin oxucusu və tədqiqatçısı kimi belə bir məsələ həmişə məni düşündürüb. O, yazıçı kimi qadın psixologiyasını necə də incəliklə bilirdi, bunu öz əsərlərində necə də məharətlə əks etdirirdi. Bu baxımdan heç bir Azərbaycan yazıçısı onunla müqayisəyə gəlməz! Adını çəkdiyimiz hekayələrdə İ.Əfəndiyev insan qəlbinin dramalarını yaradır. Bu isə o zamankı nəsrimizdə yeni hadisə idi.
   Çox-çox sonralar da İ.Əfəndiyev hekayə yaradıcılığını davam etdirdi. İlk hekayələrindəki təbiiliyi, yığcam bir süjet daxilində maraqlı, düşündürücü mətləb ifadə etməyi, ən başlıcası, yaddaqalan obrazlar yaratmaq istəyini sonrakı hekayələrində də görə bilərik. "Xəncər", "Görüş", "Su dəyirmanı", "Yaylaq qonşumuz", "Şəhərdən gələn ovçu", "Yun şal", "Qırçı və qırmızı çiçək" hekayələri müxtəlif illərdə yazılıb. Ola bilsin, bu hekayələrdə yazıldığı dövrün ab-havası duyulsun, dövrün ictimai çaları hiss edilsin, ancaq yenə təkrar etməyə dəyər ki, İ.Əfəndiyev mümkün qədər bu şablondan - "dövrün həqiqətlərini realistcəsinə əks etdirmək" stereotipindən qaçırdı. O, insan qəlbini, insan mənəviyyatını əks etdirməyə çalışırdı.
   İ.Əfəndiyev ilk romanını bir qədər gec yazdı, amma bu roman - "Söyüdlü arx" Azərbaycan nəsrində bir hadisə kimi qiymətləndirildi. 50-ci illərin sonlarında işıq üzü görən roman həm ədəbiyyatda, həm də İ.Əfəndiyev yaradıcılığında dönüşün başlandığından xəbər verirdi. Ölkədə demokratik ab-hava, ictimai-siyasi atmosferdə mülayimləşmə hiss olunurdu və heç şübhəsiz, İ.Əfəndiyev yenilikçi bir yazıçı kimi bunu vaxtında hiss edirdi. O, əsərdə Azərbaycan kəndinin mənəvi problemlərini işıqlandırdı. Cəmiyyətin ictimai-siyasi mənzərəsini deyil, yenə də insan qəlbinin dialektikasını ön plana çəkdi. Hörmətli ədibimiz Mir Cəlal Paşayev o vaxt bu əsər haqqında yazmışdı: "Söyüdlü arx" həm manerası, həm də yazı mədəniyyəti etibarilə çoxlarına oxşamayan, memuar stilində yazılmış şirin, oxunaqlı bir əsərdir".
   Nuriyyə və Muradın sevgisi əsərdə o qədər təbii təsvir olunmuşdu ki, bu, həmin dövr üçün bəlkə də inanılmaz idi. Ancaq İ.Əfəndiyev bu sevgi dastanının sonunu "Leyli və Məcnun" süjetilə bitirmir. Kimsənin intiharına, faciəsinə ehtiyac qalmır. Sevgililər qovuşmasalar da, sevgi yaşayır.
   İ.Əfəndiyev mahir roman ustası idi. Təkcə müasir dövrün həqiqətləri deyil, tarixi keçmiş də onun bir çox romanlarının ("Geriyə baxma, qoca", "Üçatılan", "Xan çinar") mövzusuna çevrilmişdi. Yazıçı bu tarixi romanlarında da müasirlik duyğusuna sadiq qalırdı. Keçmişdə, tarixdə səhv və yanlış meyillər axtarmırdı. Keçmişi və tarixi ideallaşdırmaqdan da çəkinirdi. Sadəcə olaraq, bu gün bizi düşündürən bir çox sualların cavabını axtarırdı.
   İ.Əfəndiyevin nəsri ilə onun dramaturgiyası bütöv bir yaradıcılığın iki qoşa qanadıdır. Onun nəsri dramatik elementlərlə zəngin olduğu kimi, pyesləri də nəsrə xas olan dolğun xarakterlərə, kəskin konfliktlərə, maraqlı süjet xəttinə malikdir.
   O, M.F.Axundov, C.Cabbarlı, H.Cavid kimi ustad dramaturqlardan sonra ədəbiyyat tariximizdə öz yolu və məktəbi olan bir sənətkardır. Artıq əlli ilə yaxındır Azərbaycan teatrı İ.Əfəndiyevin dramaturgiyası ilə qoşa addımlayır.
   İlyas müəllimin pyesləri teatrımızın inkişafının bütün istiqamətlərinə öz təsirini göstərib. Mərhum rejissor Tofiq Kazımov məhz onun pyesləri ilə rejissura sənətində lirik-psixoloji təmayülü təsbit edə bildi. Həsənağa Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Səməndər Rzayev, Fuad Poladov, Səfurə İbrahimova, İlham Namiq Kamal kimi sənətçilərimiz İlyas Əfəndiyevin pyeslərində oynadıqları rollarla məşhurlaşdılar.
   "Bahar suları", "Sən həmişə mənimləsən", "Atayevlər ailəsi", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mənim günahım", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Sevgililərin cəhənnəmdə vüsalı", "Şeyx Məhəmməd Xiyabani" - bu pyeslər dramaturgiyamızda və teatr tariximizdə iz salan əsərlərdir...
   İ.Əfəndiyev haqqında qeydlərimi başa çatdıranda onun öz obrazı gözlərim qabağına gəldi. 90-cı illərin əvvəllərində İlyas müəllimlə qəzet üçün müsahibə aparmışam. Yazımda belə bir cümlə işlətmişdim ki, onun səsi də diri idi, insanı cəzb edirdi, bu səsdə tarixlə bu günün çalarları birləşmişdi. O SƏS İNDİ DƏ YAŞAYIR, ədəbi fikrimizdə, ondan sonra gələn nəsillərin yaradıcılığında, İlyas Əfəndiyev teatr məktəbində...
   
   Vaqif Yusifli,
   filologiya elmləri namizədi