Danimarkanın paytaxtı Kopenhagendə 9 yeni süni ada yaradılacaq. Ölkənin hökuməti şəhərin sənaye rayonunun genişləndirilməsi və yeni investisiyaların cəlb olunması üçün bu planı dəstəkləyib.

Yeni layihə 3 milyon kvadratmetr ərazini əhatə edəcək. Gözlənildiyinə görə, layihənin reallaşdırılmasına təqribən 300-dən çox müəssisə cəlb ediləcək, 12 min iş yeri yaradılacaq. Adaların yaradılması Kopenhagen və Xvidovr şəhərlərinin bələdiyyələri, habelə bir sıra pensiya şirkətləri arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Məişət tullantılarından bioqaz istehsal etmək, çirkab suları təmizləmək və külək dəyirmanlarının ekoloji təmiz enerjisini toplamaq üçün adalardan birində zavod inşa ediləcək. Digər adalarda sənaye şirkətləri üçün yerlər yaradılacaq.

İqtisadiyyat və daxili işlər naziri Simon Ammittsböl-Bille deyib: “Biz biznesin, investisiyaların və yüksəkixtisaslı işçi qüvvəsinin cəlb edilməsi üçün beynəlxalq rəqabətdə güclü olacağıq. Bu, təkcə paytaxtda deyil, bütün Danimarkada yüksəlişə və inkişafa kömək edə bilər”.

Layihə ölkə parlamenti tərəfindən də bəyənilməlidir. Tikinti işləri yalnız bundan sonra başlaya bilər.

Qeyd edək ki, Kopenhagenin ərazisi süni adaların tikintisi hesabına artıq bir neçə dəfə genişlənib.