“Olonxo” – yakut-saxa xalqının qədim eposu
Qəhrəmanlıq eposu olan “Olonxo” saxa xalqının şifahi ədəbiyyatının tacı sayılır. Epos UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
“Olonxo” ayrı-ayrı, müstəqil poetik qollardan ibarət, ən azı 10-15 min misraya sığışan dastandır. Ən böyük “Olonxo” dastanının həcmi 20 min sətirdən çoxdur. Saxa olonxosutları (olonxo nağılçıları) qədim dövrlərdə daha irihəcmli dastanlar qoşsalar da, onlar yazıya alınmadığından bu günümüzə gəlib çatmayıb.
“Olonxo” çox qədim dövrdə yaranmış eposdur. Saxa-yakutlar vaxtilə yaşadıqları Altay-Sayanda məskunlaşmış türk-monqol xalqlarının əcdadları ilə sıx ünsiyyət saxlayıblar. “Olonxo” süjetlərinin bu xalqların epos süjetləri ilə ümumi oxşar cəhətləri, hətta dil və leksik quruluş eyniliyi, qəhrəmanların adlarında ümumi elementlər az deyil. Ümumi cəhətlər ilk “Olonxo”nun yarandığı vaxtı təxmini müəyyən etməyə imkan verir. İndiki Yakutiya ərazisinə köçdən sonra saxa xalqı uzaq məsafə və yolsuzluq ucbatından köhnə qonşulardan uzaq düşüblər və nəsillər əvəzləndikcə onları unudublar. Keçmiş ünsiyyətin izləri yalnız onların qədim eposunda qalıb.
Yakutların əcdadı sayılan kurıkanlar VI-VIII əsrlərdə qədim türklərlə ünsiyyət saxlayıblar. Eposda qədim türklərlə bağların izləri hiss olunduğu üçün “Olonxo”nun təxminən VIII-IX əsrlərdə yarandığı güman edilir.
Gülcahan MİRMƏMMƏD