Qazaxıstanın Bakıdakı səfirliyi Azərbaycan dilində silsilə kitabların nəşri layihəsini gerçəkləşdirir. Bu kitablar bir qayda olaraq, Qazaxıstanın dövlətçilik tarixinə, tarixi şəxsiyyətlərə, görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimlərinə həsr edilib.

“Alaş Orda. Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” kitabı 2018-ci ilin sonlarında nəşr edilib.

Qazaxlar, başqırdlar, qırğızlar, noqayların öz əcdadı hesab etdiyi Alaş xan Oğuz xanın birbaşa törəməsi kimi köçəri türkləri birləşdirmiş və ilk alaş, yəni qazax dövləti yaratmış hökmdardır. 2017-ci ildə Alaş hərəkatının (Alaş muxtariyyəti) 100 illiyi qardaş ölkədə təntənə ilə qeyd edilmişdi.

“Alaş Orda. Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” kitabına ön sözü Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev yazıb. Kitabı Azərbaycan dilinə Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov-Tağısoy çevirib.

Gülcahan MİRMƏMMƏD