Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti İstanbulda görüş keçirib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyə Başqanlığının müşaviri Hüseyn Eren, Mədəniyyət idarəsi başqanının müavini Ömer Birinci və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının müdiri Sedat Çakır ilə görüşüb.
Bələdiyyə binasında keçirilən görüşdə rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən söz açan G.Əfəndiyeva türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədilə həyata keçirilən tədbirlər və layihələrdən danışıb.
Fond tərəfindən görülən işləri rəğbətlə qarşıladığını bildirən H.Eren türkdilli xalqların zəngin mədəni irsinin mühafizəsi, beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərin önəmini vurğulayıb, bu istiqamətdə əməkdaşlığa, müvafiq layihələrə dəstək göstərməyə hazır olduqlarını deyib.
Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələrindən biri kimi böyük şair və dramaturq Hüseyn Cavidin “İblis” əsərinin İstanbulda səhnələşdirilməsinə başlanıldığı qeyd edilib. Tamaşanın rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Abbasovadır. Eyni zamanda əməkdaşlıq çərçivəsində türk dünyasının mədəni irsinin təbliği istiqamətində simpozium, konfrans və sərgilərin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin konsertinin İstanbulda fərqli məkanlarda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.