“Mənim vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi”. Dahi bəsətkar, Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli müsəlman Şərqinin ilk operası barədə düşüncələrini bölüşərkən belə demişdi.
Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilərdi. 111 ildir ki, səhnə həyatını yaşayan opera bu möhtəşəmliyi hər tamaşasında nümayiş etdirir.
Yanvarın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operasının növbəti tamaşası olacaq.
Üzeyir Hacıbəylinin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı bu səhnə əsəri eyni zamanda dünyada ilk muğam operasıdır.
Opera ilk dəfə 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) nümayiş olunub.
Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.
Operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı.
Ü.Hacıbəyli məqalələrindən birində «Leyli və Məcnun»un yaranma tarixini işıqlandıraraq yazırdı ki, 1897-1898-ci illərdə, on üç yaşında olarkən, doğma şəhəri Şuşada «Məcnun Leylinin məzarı üstündə» adlı musiqili səhnəyə baxır. Həmin səhnəni yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev Şuşanın tanınmış musiqiçilərinin köməyi ilə tamaşaya qoymuşdu. Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu idi. Üzeyir bəyin yazdığına görə, bu tamaşa onun yaddaşına həkk olunur. Qori Müəllimlər Seminariyasını bitirib Bakıya gələndən sonra o, məhz Füzulinin «Leyli və Məcnun»u əsasında opera yazmaq qərarına gəlir.
Məcnun rolunun ilk ifaçısı görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski idi. Leyli rolunun ifaçısını tapmaq isə çox çətin idi. O dövrdə müsəlman qadınlarının səhnəyə çıxmasına yol verilmirdi, qadın rollarını kişilər ifa edirdi. İlk tamaşada Leyli rolunun ifası məlahətli səsə malik Fərəcov soyadlı bir gəncə tapşırıldı. Sonralar isə Leyli rolunda məşhur ifaçı Əhməd Ağdamski çıxış etmişdi.
Artıq 111 ildir ki, bu opera səhnə həyatı yaşayır. Ötən dövr ərzində əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir neçə dəfə yeni quruluşda səhnələşdirilib. Hazırda repertuarda olan sonuncu quruluş 2005-ci ildə rejissor, Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən həyata keçirilib. Tamaşanın səhnə tərtibatını Xalq rəssamı Rafiz İsmayılov verib.
Bu dövr ərzində neçə-neçə görkəmli xanəndələr Leyli və Məcnun rollarının gözəl ifaçıları kimi tanınıb. Məcnunlar, Leylilər nəsil-nəsil bir-birini əvəz edir. Əsər isə təravətini itirmir, Azərbaycan milli operasının inkişaf yolunu işıqlandırır. Budəfəki tamaşada əsas rolları Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Arzu Əliyeva canlandıracaq.