Tarixi ənənələri və müasirliyi birləşdirən ölkə
Çinin “Travel Channel” internet televiziya kanalının “Dünyaya baxış” proqramının növbəti buraxılışı Azərbaycana həsr olunub.
Verilişdə Azərbaycanın tarixi, zəngin mədəni irsi, coğrafi mövqeyi, turizm potensialı və mətbəxindən söz açılıb. Qeyd olunub ki, Şərqi Avropa ilə Qərbi Asiya arasında yolların qovuşuğunda yerləşən “Odlar diyarı” – Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkə olmaqla yanaşı, qədim və sirli abidələri, rəngarəng təbiəti ilə də diqqəti cəlb edir.
Verilişdə xalqımızın tarixində və mədəniyyətində xüsusi yeri olan odla bağlı abidə və ənənələrdən, o cümlədən “Yanardağ”dan, “Atəşgah” məbədindən, müasir Bakının rəmzi olan “Alov qüllələri”ndən söz açılıb. Bundan başqa, paytaxt Bakının tarixi və müasir görkəmindən, bir neçə əsrlik tarixi olan və UNESCO-nun Mədəni irs siyahısında yer alan İçərişəhərdən, haqqında rəvayətlər gəzən Qız qalasından, Qobustan qoruğundan ətraflı bəhs olunub.
Azərbaycanın təbii gözəlliklərindən də danışılan verilişdə palçıq vulkanları haqqında söhbət açılıb. Bildirilib ki, Azərbaycan bu növ vulkanların sayına görə dünyada birinci yerdədir. Tamaşaçılara təbii şəfaverici xüsusiyyəti olan Naftalan neftinin bir çox xəstəliklərin müalicəsində və qadınların dərilərinə qulluq məqsədilə istifadəsi barədə də məlumat verilib.
Verilişin qonağı olan Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı aparıcıların və tamaşaçıların ölkəmizlə bağlı suallarını cavablandırıb. Sonda proqramın aparıcısı tamaşaçıları Azərbaycana səyahəti tövsiyə edərək, onları həm özünəməxsus tarixi abidələrin, həm də müasir Avropa üslubundakı binaların yanaşı olduğu Bakını görməyə çağırıb.