Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi olan 20 Yanvardan 29 il ötür.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq olunub. Sənədə əsasən, ölkəmizin mədəniyyət ocaqlarında da 20 Yanvarın ildönümü münasibətilə tamaşa və film nümayişi, musiqi axşamları, sərgilər və s. tədbirlər nəzərdə tutulub.
Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin qan yaddaşımıza həsr olunan “İntizar” operası nümayiş etdiriləcək.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 19 yanvarda yazıçı-dramaturq H.Mirələmovun “Xəcalət” tamaşası, 20 yanvar günü isə Xalq yazıçısı İ.Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası göstəriləcək.
Dövlət Yuğ Teatrı (Azərbaycan Dövlət Kukla Teatrının səhnəsi) 18-19 yanvar tarixində G.Dumbadzenin “Məhşər günü” tamaşasını təqdim edəcək.
Dövlət Gənc Tamaşaçılar Teatrında yanvarın 19-da yazıçı-dramaturq T.Vəliyevanın “Mənim ağ göyərçinim” və D.Mustafayevin “Əlincə qalası” tamaşaları oynanılacaq.
Bölgələrdə fəaliyyət göstərən teatrlarda da 20 Yanvar faciəsinin ildönümü qeyd ediləcək.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında yanvarın 19-da faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın “Rekviyem” əsəri səslənəcək.
Yanvarın 17-də Xətai Sənət Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə keçirilən “Azadlıq aşiqləri” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Yanvarın 21-də Nizami Kino Mərkəzində rejissor Nizami Abbasın “Salnaməfilm” studiyasında çəkdiyi “Unutma” sənədli filminin təqdimatı olacaq.
Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, digər bədii təhsil müəssisələrində də 20 Yanvar faciəsinin ildönümü anılacaq.
Yanvarın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində “Unudulmaz...” adlı tədbir keçiriləcək. Tədbirdə şəhidlərimizin ruhuna ithaf edilmiş musiqilər səsləndiriləcək.
Muzey Mərkəzində İstiqlal Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin iştirakı ilə “Tarixiləşən yaddaşımız” adlı tədbir-sərgi keçiriləcək.
Yanvarın 17-də Azərbaycan Milli Kitabxanasında, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində mövzu üzrə sərgilər açılacaq.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, eləcə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən mədəniyyət müəssisələrində, regional mədəniyyət idarələri tərəfindən isə respublikamızın şəhər və rayonlarında yerləşən mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı tədbirlər keçirilməkdədir.