Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-də “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi başlanıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evində rejissor Zamin Məmmədovun Milli Qəhrəman Mətləb Quliyevə həsr olunmuş “Həsrətlə cənnətə qovuşanlar” və Milli Qəhrəman Vüqar Mürsəlova həsr olunmuş “Dəmir atlı” filmləri tamaşaçılara təqdim edilib.
Maştağa qəsəbəsindəki H.Abbasov adına Mədəniyyət evində isə Milli Qəhrəman Yavər Şahbazov haqqında “Bitməyən ömür” (rejissor – Seyran Mahmudoğlu) və Milli Qəhrəman Ələsgər Novruzova həsr olunmuş “Qəhrəmanlığa gedən yol” (rejissor – Ramiz Hüseynov) filmləri göstərilib.
Kino həftəsi çərçivəsində filmlərin növbəti nümayişi yanvarın 15-də Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilib. Burada rejissorlar Gülnarə Abdullayevanın Milli Qəhrəman Tahir Həsənova həsr olunmuş “Bizim zaman qəhrəmanları” və Kəmalə Musazadənin Milli Qəhrəman Cavanşir Rəhimova həsr olunmuş “Cavanşir” filmləri tamaşaçılara təqdim edilib.
Filmləri qəsəbə sakinləri, o cümlədən məktəb şagirdləri izləyiblər.
Qeyd edək ki, kino həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirmək, Milli Qəhrəmanları gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.