Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (AMM) kitab kolleksiyası göndərib. Mərkəzdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və digər sahələri əhatə edən kitabların sərgisi açılıb.
Mərkəzin direktoru Samir Abbasov təşkil olunan sərgiyə böyük maraq olduğunu bildirib. Onun sözlərinə görə, daha sonra bu kitablar, habelə son beş ildə AMM-in Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlər Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzinə veriləcək.
Füzuli adına mərkəzdə Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün kurslar və kinozal fəaliyyət göstərəcək. Universitetdə mərkəzin açılması ilə bağlı son hazırlıq işləri görülür.