Elə hadisələr var ki, onlar tarixin köksünə əbədi həkk olunur. İllər, əsrlər ötsə də xatırlanır, xalqın qan yaddaşında yaşayır. 1990-cı ilin Yanvar faciəsi kimi.
Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş bu faciə Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə parlaq və şərəfli səhifə kimi daxil olmuşdur...
O faciənin dəhşətini öz gözləri ilə görənlərdən biri kimi mənim üçün həmin günləri xatırlamaq çox çətindir. 20 Yanvardan bir neçə gün keçmişdi. Şəhidlərimiz torpağa tapşırılmış, xəstəxanalarda yüzlərlə yaralı vardı. O vaxt mən Quba Rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyirdim. Belə qərara gəldik ki, xəstəxanalarda yatan yaralılarımıza şirniyyat, meyvə və digər ərzaq məhsulları aparaq.
Yaxşı yadımdadır, bundan xəbər tutan Quba camaatı şəhərin mərkəzi meydanına öz məhsullarını daşımağa başladı. Bir-iki saat ərzində üç böyük maşın təzə mer-meyvə, ət, toyuq, Quba konserv zavodunun məhsulları ilə doldu.
Yola düşdük. Yolboyu dəfələrlə saxlandıq, Biləcəriyə yaxınlaşdıqda isə başqa mənzərə ilə qarşılaşdıq, tank və topların əlindən şəhərə girmək mümkün deyildi. Qırmızı qərənfilə boyanmış küçələrdə əzilmiş maşınlar hələ də yığışdırılmamışdı. Tankların üstündə oturub toplarını maşınlara tuşlayan əsgərlərin donuq, amansız gözləri, əcaib sifətləri vardı.
Şəhərin girəcəyində maşınları saxladılar və bizə əmr etdilər ki, geri qayıdaq, xəstələrə heç nə lazım deyil. Sürücülər və bizimlə gedən rayonun baş həkimi nə qədər danışsalar da, xeyri olmadı.
Mən çarəsiz qalaraq maşından düşdüm, xidməti vəsiqəmi göstərdim. Komandirlər xəstələrin ərzağa ehtiyacı olmadıqlarını, nahaq əziyyət çəkdiyimizi bildirdilər. Belə olduqda mən SSRİ Jurnalistlər İttifaqının üzvü olduğumu bildirdim və vəsiqəni onlara təqdim etdim. Başçılarına göstərdilər və o bizə şəhərə girməyə icazə verdi. Mən heç vaxt SSRİ Jurnalistlər İttifaqının Üzvlüyündən istifadə etməmişdim. Çünki yerli hakimiyyət orqanlarında işləyirdim. Təkcə həmin vaxt evdən təkidlə mənə götürməyi tapşırılan bu vəsiqə karıma gəldi.
Biz Respublika Klinik Xəstəxanasına gəldik və baş həkimlə görüşdük. Gətirdiyimiz ərzaqları onlara təhvil verdik. Mən xahiş etdim ki, yaralılarla da görüşmək istəyirəm. Baş həkim dedi ki, görüşməyə icazə yoxdur. Çünki xəstəxananın dörd tərəfi əsgərlərlə doludur.
Bu dəfə də təkidli xahişimizdən sonra bizə görüşməyə icazə verdilər. Biz palatalara getdik və orada gördüklərimizi heç vaxt yaddaşımızdan silə bilmərik. Qanına qəltan olmuş igid oğullarımız dəhşətli yaralar almışdılar. Əfqanıstanda qıçı yaralanmış, burada isə ayaqları tamam kəsilmiş gənci, başının üstündə anasının, nişanlısının ağladığı gənci, heç bir günahı olmayan yaşlı həmvətənlərimi yaddan çıxarmaq mümkündürmü? Palataların birində həmyerlimiz, həmin gecə yaralanmış Maliklə, o biri palatada isə hadisədən bir neçə gün sonra yaralanmış Əfqanla görüşdük. Onlar da bizə öz təşəkkürlərini bildirdilər. Həmin gün şəhidlərin qəbirlərini də ziyarət etdik.
Səhəri mən rayon Partiya Komitəsinə gəldim və o vaxt bizim birinci katibimiz olan rəhmətlik Məhəmməd Əsədovla görüşdüm. Məhəmməd müəllimə ətraflı məlumat verdim, ərzağı necə çatdırdığımızı və yaralılarla görüşdüyümü bildirdim. O, qırmızı telefonu qaldırdı və Mərkəzi Komitəyə zəng vurdu. 20 Yanvar yaralılarına ərzaq aparıldığını və mənim onlarla görüşdüyümü bildirdi. Rəhmətlik Məhəmməd müəllim oradan nə cavab aldısa, çox pərt oldu və mənə dedi: “Elza xanım, görürsən Mərkəzi Komitədən deyirlər ki, görüşməmək də olardı. Ancaq sən çox sağ ol, mərd qadınsan ki, bunu etmisən”.
Bu gün mən o günlərin acı xatirələrini yaşayarkən bir daha fikirləşirəm ki, o xalq xoşbəxtdir ki, taleyinin keşməkeşli və sınaqlı dövründə dövlət sükanı arxasında qətiyyətli rəhbər dayanır. Tale iki dəfə Azərbaycan xalqını və onun müdrik oğlu Heydər Əliyevə belə bir imkan qismət etmişdi. Bəlkə də o vaxt Azərbaycanın dövlət sükanı arxasında ulu öndər Heydər Əliyev olsaydı, 20 Yanvar hadisələri baş verməzdi.
Nə yaxşı ki, xalqın arzu və tələbi ilə dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdı və ölkəni vətəndaş müharibəsi alovundan, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən qurtardı, müstəqilliyimizi dönməz və əbədi prosesə çevirdi.
Təcavüzə qarşı qəhrəmanlıq nümunəsi göstərmiş 20 Yanvar şəhidlərinin xatirəsi bu gün hər birimiz üçün əzizdir. Ona görə də gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək günümüzün əsas tələbidir.
20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
20 Yanvar bizim üçün bir tərbiyə məktəbi, qəhrəmanlıq və əzmkarlıq nümunəsidir. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi isə həmişə qəlbimizdə yaşayacaqdır.
Elza ORUCOVA
Quba Heydər Əliyev Mərkəzinin direktoru