Faciənin ildönümü müxtəlif ölkələrdə qeyd edilir
Qanlı Yanvarın ildönümü hər il ölkəmizin hüdudlarından kənarda da qeyd olunur. Çünki 29 il əvvəl Bakıda törədilən qırğın bütövlükdə insanlıq, bəşəriyyət əleyhinə cinayət idi...
Faciənin 29-cu ildönümü ilə bağlı Türkiyədə silsilə tədbirlər keçiriləcək. Ölkəmizin Türkiyədəki səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın müstəqilliyinə gedən yolda 20 Yanvar faciəsi” mövzusunda anım mərasimi təşkil olunacaq. Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən yanvarın 19-da və 20-də İstanbul metrosunun “Yeni qapı” stansiyasında faciənin dəhşətlərini əks etdirən fotosərgi qurulacaq. Qarsdakı konsulluğumuzun təşkilatçılığı ilə Qars və İğdır şəhərlərində anım mərasimi keçiriləcək.
* * *
Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, 1990-cı ilin yanvarında Ermənistanın respublikamıza ərazi iddialarına və ovaxtkı SSRİ rəhbərliyinin buna havadarlığına etiraz edən Azərbaycan xalqına qarşı Bakıda misli görünməmiş qırğın törədilib. Diplomat qeyd edib ki, Bakıdakı Qanlı Yanvar 1986-cı ilin dekabrında sovet qoşunlarının Qazaxıstanın Almatı şəhərində mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərin davamı idi.
Anım mərasimi musiqi proqramı ilə davam edib. Beynəlxalq müsabiqələrin qalibi, Prezident təqaüdçüsü Atabala Manafzadə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Sergey Raxmaninovun əsərlərini ifa edib.
* * *
İsveçrənin www.zeitung.ch internet portalında 20 Yanvar hadisələri ilə bağlı məqalə dərc olunub. “Milli azadlıqla xalq matəmi arasında” sərlövhəli məqalədə 20 Yanvar faciəsinin Sovet İttifaqının dağılmasında və Azərbaycan xalqının milli azadlıq hərəkatında oynadığı rola nəzər salınıb. “Soyuq müharibə” dövrünün sonuna təsadüf edən bu hadisəyə Qərb aləmində indiyədək adekvat qiymət verilmədiyini vurğulayan müəllif 1990-cı ildə Bakıda törədilən qırğının Sovet İttifaqının son təcavüzkar aksiyası olduğunu və imperiyanın süqutunu sürətləndirdiyini diqqətə çatdırıb. Bildirilib ki, törədilən faciədən sonra müttəfiq respublikalar Moskvadan ayrılaraq müstəqillik yolunu tutmağa başladı. Bakıda törədilən Qanlı Yanvar hadisələri ilə SSRİ-nin parçalanması qaçılmaz prosesə çevrildi. Çünki artıq heç kim qəddar imperiyanın tərkibində qalmaq istəmirdi.
* * *
Koreya Respublikasının “The Korea Times” və “The Korea Herald” qəzetləri də 1990-cı ildə Bakıda baş verən Yanvar hadisələrindən bəhs edən məqalələr yayıblar.
“Azərbaycan müstəqillik mübarizəsində ölənləri yad edir” və “Azərbaycan 1990-cı il Qanlı Yanvar şəhidlərini xatırlayır” adlı məqalələrdə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə azadlıq və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının istəyini boğmaq üçün törədilən cinayətkar əməllərdən bəhs edilir. Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş sovet qoşun birləşmələrinin törətdikləri qətllər zamanı uşaqlar, qadınlar, yaşlı insanlar daxil olmaqla, 147 mülki vətəndaş öldürülüb. Yazılarda həmin qanlı hadisələrin Azərbaycan xalqının azadlıq arzusunu boğa bilmədiyi vurğulanır, 1991-ci ilin oktyabrında Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi vurğulanır.