Yanvarın 17-də Milli Kitabxanada “20 Yanvar – Ümumxalq hüzn və qürur günü” mövzusunda kitab sərgisi və film nümayişi keçirilib.
Milli Kitabxananın direktoru Kərim Tahirov 1990-cı ilin Qanlı Yanvar hadisələri haqqında danışaraq ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söyləyib. O, 20 Yanvar faciəsinin eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.
Kərim Tahirov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyində tarixi çıxışını xatırladıb. Bildirib ki, böyük siyasətçi törədilən cinayətə görə SSRİ rəhbərliyini qətiyyətlə ittiham edərək bu barədə həqiqəti bütün dünya ictimaiyyətinə, dünya mətbuatına çatdırıb.
Tədbirdə Milli Kitabxananın direktor müavinləri Mələk Hacıyeva, Ədibə İsmayılova da çıxış ediblər. 1990-cı ilin 20 yanvar gecəsində həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazdıqları vurğulanıb. Bildirilib ki, Azərbaycan Milli Kitabxanası xalqımızın başına gətirilən faciə haqda tarixi həqiqətləri Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər keçirir, kitab sərgiləri, kitab təqdimatları təşkil edir. Kitabxananın saytında 20 Yanvarla bağlı elektron məlumat bazası yerləşdirilib, informasiyalar və elektron resurslar daim yenilənir.
Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli və Tərlanə Əliyeva faciə qurbanlarına, şəhidlərimizə həsr edilən şeirləri söyləyiblər.
Şəhidlərə həsr olunmuş film nümayiş etdirilib. Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş, müxtəlif dillərdə 300-dən artıq nəşri əhatə edən kitab sərgisi ilə tanış olublar.