Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Prezident İlham Əliyev Azərbaycanda 2019-cu ili “İmadəddin Nəsimi ili” elan edib” sərlövhəli məqalə dərc edilib.
Məqalədə dövlət başçısının sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin geniş şəkildə qeyd olunacağı diqqətə çatdırılır. Bildirilir ki, İmadəddin Nəsiminin yubileyi (600 illiyi) beynəlxalq miqyasda ilk dəfə UNESCO tərəfindən 1973-cü ildə keçirilib.
Qəzetdə Nəsiminin həyatı barədə məlumat verilir. Qeyd olunur ki, mütəfəkkir şair Azərbaycanda (Şamaxıda) anadan olub. Dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib. Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Onun Azərbaycan dilində yazılmış “Divan”ı qorunub saxlanılıb, eyni zamanda, fars və ərəb dillərində əsərləri qalıb.