Anna Netrebko və Yusif Eyvazov azərbaycanlı jurnalistin verilişində

Rusiyada tanınmış azərbaycanlı jurnalist Nailə Əsgərzadənin “Fəaliyyətdə olan şəxslər” (“Действующие лица”) verilişinin növbəti qonaqları məşhur opera ulduzları – Rusiyanın Xalq artisti, Azərbaycanın “Dostluq” ordeninin laureatı Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov olub.

“Rossiya 1” kanalında bazar günü (20 yanvar) yayımlanan verilişdə klassik musiqi dünyasının iki məşhur nümayəndəsi yaradıcılıqları, şəxsi həyatları, gələcək planları barədə danışıblar.

Nailə Əsgərzadə özünün “İnstagram” səhifəsində veriliş barədə məlumatı rus və Azərbaycan dillərində yerləşdirib. Jurnalist yazır ki, dünya miqyaslı iki ulduzla veriliş hazırladığına hələ də inana bilmir. “Populyar olmalarına baxmayaraq, ünsiyyətdə səmimi, xoş və gülərüzdürlər. Yusif isə bakılılara xas incə yumoru ilə çəkiliş qrupumuzu dəfələrlə gülməyə vadar edib”, - deyə jurnalist bildirib.

Verilişdə qeyd olunur ki, Anna Netrebko və Yusif Eyvazov cütlüyü səhnə fəaliyyəti ilə bağlı hazırda üç ölkədə - Rusiya, Avstriya və ABŞ-da yaşayırlar. Nyu-Yorkdakı evləri iş yerinin – “Metropolitan Opera”nın lap yaxınlığındadır. Ev hər zaman qonaqlarla dolu olur. Anna səhnədə olduğu kimi, mətbəxdə də özünü çox arxayın hiss edir, bütün yeməkləri özü hazırlayır, pəhriz barədə isə heç düşünmür. Həyat yoldaşının xətrinə Azərbaycan plovunu bişirməyi də öyrənib.