Heydər Əliyev Sarayında 20 Yanvar – Ümumxalq Hüzn Gününün 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdən öncə 20 Yanvar faciəsini əks etdirən kitab stendinə baxış olub. Sonra tədbir tamaşaçı zalında davam edib.
Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edərək 1990-cı ilin 20 yanvarında baş verənlərin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş dəhşətli cinayət olduğunu bildirib. Fərhad Babayev 20 Yanvar hadisələrinin başvermə səbəbləri, SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsi, o cümlədən qadağan olunan silah və sursatlardan istifadə olunaraq uşaqların, qadınların, qocaların gülləbaran edilməsi haqqında ətraflı danışıb.
Digər çıxış edənlər Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında söz açıb, bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.
Tədbir 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sənədli filmin nümayişi ilə yekunlaşıb.